Elektrik avtomobilləri sürənlərin sağlamlığı risk altındadır? - Mütəxəssis danışdı
Son illərdə elektrik avtomobillərinin istifadəsi sürətlə artmaqda və həm fərdi, həm də kommersiya sektorunda geniş üstünlük qazanmaqdadır. İnsanlar ekoloji təmizliyi, yanacaq xərclərinin azalması və sürətli texnoloji inkişafı səbəbilə elektrik avtomobillərinə daha çox üstünlük verir, avtomobillərin rahatlığı və innovativ xüsusiyyətləri isə əlavə motivasiya yaradır. Lakin son günlər bəzi xəbərlər və iddialar diqqət çəkir: elektrik avtomobillərinin akkumulyatorlarının radiasiya yaydığı və bu səbəbdən insan sağlamlığına zərər verə biləcəyi söylənilir.
Bəs bu iddialar nə dərəcədə doğru və elmi əsaslıdır?
Mövzu ilə bağlı Patrul.az-a danışan nəqliyyat eksperti Raqif Raufoğlu bildirib ki, elektrik avtomobillərin batareyalarıyalnız Wi-Fi səviyyəsində elektromaqnit şüası yaydığı üçün insan sağlamlığına ciddi təhlükə yaratmır:
“Onların batareyaları ilə bağlı müəyyən müzakirələr olsa da, elə bir şey hələ öz təsdiqini tapmayıb. Yəni, bunlar bildiyimiz litium-ion batareyalardır. Bu batareyalarda adi telefonlarımızda istifadə olunan texnologiya tətbiq edilir və insan sağlamlığına ciddi təhlükə yaratmır. Hər halda, Ümumdünya Səhiyyə Təşkilatı da belə hesab edir. Onlar yalnız adi elektromaqnit şüası yayır; bu, məsələn, Wi-Fi səviyyəsindədir. Ona görə də, hətta insan sağlamlığının ən xırda detalları ilə maraqlanan ölkələrdə belə, elektromobillər qəbul olunub – Norveç, Almaniya və s. Belə olduğu üçün, biz bunu ciddi təhlükə kimi qiymətləndirməməliyik”.

Ekspert qeyd edir ki, elektromobillərin ani sürətlənməsi insanların içində təzyiq hissi yaratsa da, bu radiasiya ilə əlaqəli deyil:
“Hələ ki, belə bir şeyin təsdiqi yoxdur.Amma psixoloji baxımdan belə hallar mövcuddur. İnsanlar elektromobillərin sürətlərinə alışıq olmadıqları üçün, ani sürətlənmələr zamanı içlərində bir dalğa hissi yaranır, sanki bir təzyiq oynayır. Onlar bunu radiasiya ilə əlaqələndirirlər, amma əslində bunun radiasiya ilə heç bir əlaqəsi yoxdur”.
Cəmilə Cəfərzadə






