Elektron siqaretlərə qadağadan sonra adi siqaretlərlə bağlı hansı qərarlar gözlənilir? - AÇIQLAMA
Elektron siqaretlərə qadağa qoyulması cəmiyyətdə sağlamlığın qorunması və xüsusilə gənclər arasında yeni növ nikotin asılılığının qarşısının alınması məqsədi daşıyır. Lakin bu qərar paralel olaraq adi tütün məmulatlarının istifadəsi ilə bağlı yanaşmaların da yenidən nəzərdən keçirilməsini zəruri edir. Çünki elektron siqaretlərə çıxışın məhdudlaşdırılması bəzi hallarda istifadəçilərin yenidən ənənəvi siqaretlərə yönəlməsinə səbəb ola bilər.
Bu baxımdan, elektron siqaretlərə qadağa tətbiq edildikdən sonra adi siqaret istifadəsi ilə bağlı hansı yeni qərarların qəbul edilməsi məqsədəuyğun ola bilər?
Bu barədə sosioloq Naib Niftəliyev Patrul.az-a açıqlamasında bildirib ki, siqaretə qadağa aktualdır, lakin həm adi, həm də elektron siqaretlər sağlamlıq üçün ciddi təhlükə olaraq qalır:
“Ümumiyyətlə, siqaretə qadağa qoyulması məsələsi hər zaman gündəmdə olan aktual mövzulardan biridir. Lakin müxtəlif obyektiv və subyektiv səbəblərdən bu istiqamətdə qərarların verilməsi tez-tez yubadılır. Düşünürəm ki, təkcə qadağalar problemi tam şəkildə həll etməyəcək, əksinə, gizli siqaret ticarətinin artmasına səbəb ola bilər. Çünki cəmiyyətdə siqaretlə bağlı müəyyən mənada bir “kult” formalaşıb. Hətta onun zərərli olduğunu bilən və bunu etiraf edən insanların əhəmiyyətli bir qismi belə bu vərdişdən imtina edə bilmir. Bu vərdiş Azərbaycanda daha çox kişilər üçün xarakterik sayılsa da, son illərdə qadınlar arasında da siqaretə meyillilik müəyyən qədər artıb. Siqaret artıq təkcə vərdiş deyil, bəzi hallarda həyat tərzinin və imicin bir hissəsi kimi qəbul olunur. Aydındır ki, hər bir “müsbət” kimi təqdim edilən davranışın arxasında müəyyən mənfi təsirlər də gizlənir. Elektron siqaretlərlə bağlı da vəziyyət aydındır. Sübut olunmuş faktdır ki, elektron siqaretlər adi tütün məmulatlarından heç də az zərərli deyil və onların da insan sağlamlığı üçün ciddi fəsadları mövcuddur. Tütünlü siqaretlərin nikotin asılılığı yaratması, orqanizmi zəhərləməsi və insan ömrünü qısaltması ilə bağlı faktlar isə artıq hər kəsə bəllidir”.

Sosioloqun sözlərinə görə, siqaret həm istifadəçilərə, həm də ətrafdakılara ciddi zərər verdiyi üçün müəyyən məkanlarda qadağalarla yanaşı, maarifləndirmə və alternativ sağlam vərdişlərin təşviqi vacibdir:
“Bu gün siqaret çəkənlərin sayının, xüsusilə kişilər arasında, 60–70 faizdən çox olduğu ehtimal edilir və bu göstəricinin müxtəlif yaş kateqoriyalarında artdığı müşahidə olunur. Eyni zamanda siqaret çəkməyənlər də az deyil. Nəzərə almaq lazımdır ki, siqaret çəkənlər təkcə özlərinə deyil, ətraflarında olan insanlara da ciddi zərər verirlər. Passiv siqaretçəkmə nəticəsində ətrafdakılar bəzən birbaşa çəkən şəxsdən daha çox təsirlənirlər. Bu məqamlar nəzərə alınaraq, müəyyən məkanlarda siqaretin qadağan edilməsi məqsədəuyğun hesab edilə bilər. Lakin bu qadağalar ictimaiyyət üçün anlaşılan və əsaslandırılmış formada təqdim edilməlidir: niyə qadağa tətbiq olunur, hansı səbəblərə əsaslanır və qanunvericilikdə bu məsələlər necə tənzimlənir – bütün bunlar aydın şəkildə izah edilməlidir. Eyni zamanda hansı hallarda və haralarda siqaretdən istifadəyə icazə verildiyi də dəqiq göstərilməlidir. Bununla yanaşı, qəbul etmək lazımdır ki, təkcə qadağalarla insanların bu vərdişdən tamamilə imtina etməsinə nail olmaq mümkün deyil. Ona görə də preventiv, qabaqlayıcı tədbirlər – xüsusilə maarifləndirmə, təhsil və alternativ, daha sağlam vərdişlərin təşviqi mühüm əhəmiyyət daşıyır. Ənənəvi metodlarla yanaşı, daha effektiv və faydalı əvəzləyici mexanizmlər də düşünülməlidir”.
Cəmilə Cəfərzadə






