"Əlimiz tətikdədir, lazım gələrsə..." - Onların müharibəyə qoşulması an məsələsidir
“Əlimiz tətikdədir, lazım gələrsə, hərbi əməliyyatlar apara bilərik”.
Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, bunu Yəməndə İranpərəst Husi üsyançılarının lideri Əbdül Malik əl-Husi deyib.
O, ABŞ və İsrailin İrana hücumlarını pisləyərək, lazım gələrsə müharibəyə qoşulacaqlarını bildirib.
Husi lideri qeyd edib ki, ABŞ və İsrailin İrana hücumlarına cavab olaraq hər hansı eskalasiyaya hazırdırlar:
“Biz müxtəlif fəaliyyətlərlə məşğuluq və hər hansı eskalasiyaya qarşı hazırlıqlıyıq. Regiondakı inkişaflar zəruri etdikdə hərbi müdaxilə baş verə bilər. Biz bu mübarizəni bütün müsəlman icmasının mübarizəsi kimi görürük”.
Onlar ABŞ və İsrailin birbaşa Fələstin və Livanı hədəf aldığını, Suriyanın daim istismar edildiyini və Yəmən vasitəsilə İrana qarşı hərtərəfli hücum həyata keçirildiyini bildirərək, ABŞ və İsrailin ümumilikdə bölgəni nəzarətdə saxlamaq istədiyini vurğulayıblar.
Qeyd edək ki, Husi lideri daha əvvəl Yəməndə, xüsusilə paytaxt Sənada İranı dəstəkləyən genişmiqyaslı nümayişlərə çağırmışdı.
Məlumat üçün bildirək ki, Husilər Yəməndə yaşayan zeydi şiə icması tərəfindən qurulmuş təşkilatdır.
Xatırladaq ki, İsrail və ABŞ Tehran və Vaşinqton arasında danışıqların davam etdiyi bir vaxtda, fevralın 28-də İrana hərbi hücuma başlayıb. İran isə buna cavab olaraq İsrail, Qətər (ABŞ bazalarının yerləşdiyi ölkə), Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn də daxil olmaqla bir neçə regional ölkədə müəyyən etdiyi hədəflərə zərbələr endirib.
ABŞ və İsrailin hücumları nəticəsində isə İranın ali lideri Ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər həlak olublar.
Gülbəniz Səfərova






