media-inshot_20250729_143641492

“Uşaqlıq dövründə yaşanan travmalar bəzən fərdin bütün həyat ssenarisini, seçimlərini və münasibətlərini formalaşdıran dərin izlərə çevrilir. Travma, uşağın emosional və ya fiziki cəhətdən özünü təhlükədə hiss etdiyi, amma bu vəziyyətlə bacara bilmədiyi halları əhatə edir. Bu vəziyyətlər istismar, zorakılıq, diqqətsizlik, ailə daxili münaqişələr, valideyn itkisi, və ya həddindən artıq tələbkarlıqla bağlı ola bilər”.

Bu fikirləri psixoloq, Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov Patrulaz.az-a açıqlamasında səsləndirib.

Müsahibin sözlərinə görə, uşaqlıq travmaları beyində struktur və funksional dəyişikliklərə səbəb ola bilir:

“Araşdırmalar göstərir ki, travmatik təcrübələr limbik sistemə – xüsusilə də amigdal (emosiyaların emalı), hipokampus (yaddaş) və prefrontal korteksə (mühakimə, qərarvermə, özünü tənzimləmə) təsir edir. Bu dəyişikliklər nəticəsində də fərdin emosional reaktivliyi artır, stresə qarşı dözümlülüyü azalır və impulsiv davranışlara meyllilik çoxalır.

Travmatik uşaqlıq yaşayan insanlar yetkinlikdə ya çox bağlı, ya da tam tərsinə – uzaq, soyuq və inamsız münasibətlər qururlar. Onlar tez-tez “tərk edilmə qorxusu”, ya da “özünü yetərsiz hiss etmə” sindromu ilə üzləşirlər. Belə ki, uşaq yaşlarında daim tənqid olunan, gözardı edilən və ya sevilmədiyini düşünən şəxslərdə aşağı özünəinam, özünü günahlandırma və “dəyərsizəm” inancı formalaşır. Bu isə sonradan peşə seçimi, sosial münasibətlər və şəxsi inkişafda məhdudiyyət yaradır.

Həmçinin, bəzi insanlar bu travmaların kompensasiya mexanizmi kimi hiperaktiv, mükəmməllikçi, daim özünü sübut etməyə çalışan bir şəxsiyyət modeli inkişaf etdirirlər. Digərləri isə əksinə, təşəbbüsdən uzaq, passiv, risk almaqdan çəkinən olurlar.

Uşaqlıqda emosional travma yaşamış insanlar yetkinlik dövründə depressiya, həyəcan pozuntusu, panik atak, yuxusuzluq və hətta müxtəlif psixosomatik xəstəliklərdən – məsələn, mədə-bağırsaq, ürək-damar, tənəffüs problemlərindən əziyyət çəkə bilirlər. Emosional tənzimləmə bacarığı formalaşmadığı üçün belə insanlar tez-tez qəzəb partlamaları yaşayır, münasibətlərdə zorakılıq və ya manipulyativ davranışlara meylli ola bilirlər”.

Psixoloq qeyd edib ki, son illər travmaların genetik deyil, amma epigenetik olaraq ötürülməsi də geniş şəkildə araşdırılır:

“Yəni bir valideynin həll etmədiyi psixoloji ağrı, fərqində olmadan övladına da keçə bilər ki, bu da, “nəsildən-nəslə ötürülən travma” adlanır. Bəzən bir insan niyə həmişə eyni münasibət modelini seçdiyini, niyə özünü daima qorxuda və ya tək hiss etdiyini anlamır. Əslində isə səbəb çox zaman onun şəxsi deyil, ailə tarixçəsində gizlənmiş olur.

Əslində ən vacib məsələ travmanın ömürlük deyil, onu dəyişmək mümkünlüyüdür. Bunun üçün, psixoterapiya, dəstək mühiti, maarifləndirmə vacib məqamdır.

Qeyd edim ki, uşaqlıq travmaları təkcə keçmişi deyil, bu günü və gələcəyi də formalaşdırır. Hər bir yetkinin psixoloji portretində bəzən qorxmuş, bəzən yalnız, bəzən güvənə möhtac bir uşağın səsi eşidilir. Bu səsi görməzlikdən gəlmək yox, anlamaq və qəbul etmək sağalmağa aparan ən güclü yoldur”.

Ləman Sərraf


Bənzər xəbərlər