media-inshot_20250723_161151083

Ötən günlərdə yenə bir klinika əməliyyat otağında çəkiliş aparılması məsələsi ilə bağlı gündəmə gəlib.

Belə ki, görüntüdə bloqer Arifə Məmmədovanın süni mayalanma əməliyyatı zamanı həkimlərlə bərabər otağa çəkiliş qrupu ilə birlikdə girdiyi, proses boyunca orada olduğu yer alıb. Bunu reklam məqsədilə edən klinika və bloqer videonun tənqid edildiyini görəndən sonra görüntülər sosial şəbəkələrdən silinib. Təbii ki, hər birimiz əslində bunun qaydalara ziddi olduğunu bilirik. Çünki əməliyyat otağında sterilliyin qorunması üçün müəyyən qaydalara riayət olunmalıdır.

Patrulaz.az mövzu ilə bağlı araşdırma edib.

Əməliyyat otağı tibb müəssisələrinin ən steril və qorunan məkanıdır. Orada həyata keçirilən prosedurlar insan həyatını birbaşa təsir etdiyindən, gigiyenik və texniki qaydalara ciddi şəkildə əməl olunması şərtdir. Əks halda infeksiya riski artır, pasiyentin həyatı təhlükəyə düşür.

Sterillik əsas prinsipdir

Əməliyyat otağına daxil olan hər kəs – həkim, tibb bacısı, anestezioloq və hətta texniki personal xüsusi geyim, baş örtüyü və maska geyinməlidir. Ayaqqabılar xüsusi örtüklə bağlanmalı, əllər isə antiseptiklərlə yuyulub steril əlcək geyilməlidir. Hər detal pasiyentin təhlükəsizliyinə xidmət edir.

Əşyaların dezinfeksiyası

Əməliyyatda istifadə olunacaq bütün alətlər avtoklav vasitəsilə sterilizasiya olunmalı və istifadəyədək qapalı steril qabda saxlanmalıdır. Eyni zamanda əməliyyat otağındakı masalar, səthlər və döşəmə müntəzəm olaraq dezinfeksiya edilməlidir. Bu, bakteriya və virusların yayılmasının qarşısını alır.

Havalandırma və mikroiqlim

Əməliyyat otaqlarında xüsusi filtrli havalandırma sistemi qurulmalıdır. Bu sistem otaqdakı havanı dövriyyədə saxlayaraq toz, mikroorqanizm və digər havayla keçə biləcək təhlükələri minimuma endirir. Temperatur və rütubət də stabillikdə saxlanmalıdır.

Kənar şəxslərin daxil olması qəti qadağandır

Əməliyyat zamanı otaqda yalnız prosesdə birbaşa iştirak edən şəxslər olmalıdır. Bloqer, jurnalist, müşahidəçi və ya xəstənin qohumları kimi şəxslərin oraya daxil olması həm etik, həm də gigiyenik qaydaların pozulması deməkdir. Hətta tibbi heyət belə icazəsiz içəri daxil ola bilməz.

Təmizlik prosedurları xüsusi qaydalarla aparılmalıdır

Əməliyyatdan əvvəl və sonra otağın dezinfeksiyası xüsusi protokollara əsasən aparılmalıdır. Döşəmədən tutmuş alətlərin saxlanıldığı rəflərə qədər hər yer bakterisid məhlullarla silinməli, istifadə olunan tullantılar isə xüsusi tibbi tullantı kimi idarə olunmalıdır.

Emosional və psixoloji sükunət qorunmalıdır

Əməliyyat otağında yalnız fiziki deyil, emosional mühit də sabit olmalıdır. Orada sakitlik, diqqət və peşəkarlıq hökm sürməlidir. Kənar söhbətlər, diqqət yayındıran hərəkətlər və texniki qeyri-ciddilik pasiyentin təhlükəsizliyini riskə atır.

Bir daha xatırladaq ki, əməliyyat otağı şou məkanı deyil, həyatla ölüm arasında bir körpüdür. Orada hər addım, hər nəfəs və hər toxunuş nəzarət altında və məsuliyyətlə atılmalıdır. Gigiyena sadəcə təmizlik deyil, etika və hörmətin göstəricisidir.

Ləman Sərraf


Bənzər xəbərlər