media-inshot_20260227_221204715

Şəhər infrastrukturunun müasirləşdirilməsi istiqamətində həyata keçirilən layihələr çərçivəsində bir sıra ərazilərdə yeni nəsil, ağıllı işıqfor sistemləri quraşdırılır. Bu sistemlər nəqliyyat axınının tənzimlənməsində daha çevik və texnologiyaya əsaslanan yanaşma təqdim edir. Xüsusilə böyük şəhərlərdə – məsələn, Bakı kimi intensiv hərəkətin müşahidə olunduğu ərazilərdə ağıllı idarəetmə sistemlərinə keçid yol təhlükəsizliyinin artırılması baxımından аktuallıq qazanır.

Bəs yeni quraşdırılan ağıllı işıqfor sistemləri ənənəvi işıqforlardan konkret olaraq hansı üstünlükləri ilə fərqlənir və onların tətbiqi yol-nəqliyyat hadisələrinin azalmasına real təsir göstərə bilərmi?

Mövzu ilə bağlı Patrul.az-a danışan nəqliyyat eksperti Raqif Raufoğlu bildirib ki, ağıllı işıqfor ənənəvi sabit vaxtlı sistemdən fərqli olaraq, nəqliyyat axınını real vaxtda analiz edib hərəkəti avtomatik tənzimləyən və sıxlıq olan istiqamətə üstünlük verən effektiv idarəetmə mexanizmidir:

“Ağıllı işıqforun prinsipi ondan ibarətdir ki, yolayrıcında ənənəvi işıqforlar müəyyən olunmuş sabit vaxtla işlədiyi halda, ağıllı işıqfor nəqliyyat axınına uyğun şəkildə avtomatik tənzimlənir. Əgər yolayrıcında bir istiqamətdə nəqliyyat axını daha çox, digər istiqamətdə isə azdırsa, sistem bunu nəzərə alır və daha çox axın olan istiqamətə üstünlük verir. Yəni prinsip ondan ibarətdir ki, işıqfor real vaxt rejimində vəziyyəti analiz edir və hərəkəti buna uyğun tənzimləyir. İndiyə qədərki təcrübə göstərir ki, bu sistem effektivdir. Bir neçə ərazidə quraşdırılarkən də qeyd olunub ki, ilkin mərhələdə müşahidə aparılacaq və gözlənilən nəticə əldə olunarsa, sistem daha geniş şəkildə tətbiq ediləcək”.

media-inshot_20260227_221218690

Ekspert qeyd edir ki, ağıllı işıqfor sistemi nəqliyyat axınını avtomatik analiz edərək əlavə insan müdaxiləsinə ehtiyacı azaldı:

“Bu sistemin əsas üstünlüklərindən biri də odur ki, əlavə insan resursuna ehtiyac azalır. Məsələn, bəzi yolayrıclarında sıxlıq və ya xaos yarananda Yol Patrul Xidmətinin əməkdaşı hərəkəti əl ilə tənzimləməli olur. Ağıllı işıqfor isə nəqliyyat axınını özü izləyir və uyğun qərar verir. Məsələn, 20 Yanvar küçəsində edilən dəyişikliklərlə bağlı vətəndaşlar sual edirlər ki, bunun nə mənası var? Bəzi hallarda sola dönmə işığı yanır, lakin sola gedən yoxdur, düz istiqamətdə isə sürücülər gözləməli olur. Belə vəziyyətlərdə ağıllı işıqfor sistemi tələb olmadığını aşkar etməli və daha çox nəqliyyat olan istiqamətə yaşıl işığı verməlidir ki, axın sürətlənsin və sıxlıq azalsın. Əsas məqsəd də məhz budur – nəqliyyat axınını daha səmərəli və çevik şəkildə tənzimləmək. Gözlənti ondan ibarətdir ki, quraşdırılan ağıllı svetaforlar bu funksiyanı effektiv şəkildə yerinə yetirsin”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər