“Ermənistan sülh istəmir və sülh prosesini bilərəkdən uzadır”-SİYASİ EKSPERT
“Ermənistan silahlı qüvvələrinin Azərbaycanla şərti sərhəddə təxribatlar törətməsi, ərazilərimizi atəşə tutması və atəşkəsi kobud şəkildə pozması Ermənistanın əsl mahiyyətini göstərir. Bir daha açıq şəkildə görürük ki, Ermənistan sülh istəmir və sülh prosesini bilərəkdən uzadır. Son aylarda Ermənistanın ciddi şəkildə silahlanması buna əsas sübut kimi göstərilə bilər”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında siyasi ekspert Sahil Kərimli deyib.

O bildirib ki, Ermənistan Avropa İttifaqının “missiya”sını vaxtının daha uzadılması ilə bağlı qərar vermək, bu “missiya”nın tez-tez Azərbaycan şərti sərhədlərinə gələrək, təxribatlara cəhd göstərməsi faktları da göstərir ki, Ermənistan müharibə istəyir. Hələ ki, Azərbaycan dövləti və ordusu böyük səbr nümayiş etdirir, hərbi təxribatlara adekvat cavab verilir. Amma Ermənistanın açıq-aşkar müharibə istəməsi, Azərbaycanı müharibəyə sürükləməsi dövlətimiz tərəfindən hələ ki, səbrlə qarşılanır. Təxribatlar davam edərsə və intensiv hal alarsa, Azərbaycan dövləti daha ağır cavab vermək məcburiyyətində qalacaq. Bu zaman məsuliyyət yenə də Ermənistanın üzərində qalacaq”.






