“Ermənistan sülh müqaviləsini imzalamaqdan başqa yolunun qalmadığını başa düşəcək” – ŞƏRH EDİLDİ
“Azərbaycan Ermənistana sülhlə bağlı öz fikir və yanaşmalarını təqdim edib. Artıq Cənubi Qafqaz regionunda rifah və sabitliyin əldə edilməsi üçün bölgədə sülhlə bağlı təşəbbüslərin ən yüksək səviyyəyə çatdırılmasının vaxtı yetişib”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

Politoloq bildirib ki, Azərbaycan qalib tərəf kimi öz işğalı altında olan torpaqlarını heç kimin köməyi olmadan özü işğaldan azad edib: “Həmçinin Azərbaycan beynəlxalq hüququ bərpa edərək regionda şərtləri diqtə edən tərəfə çevrilib. Lakin biz normal əlaqələrin davam etməsini, eyni zamanda dövlətlərarası münasibətlərdə problemlərin olmamasını istəyirik. Bu baxımdan əlimizdən gələn bütün vasitələrdən istifadə edərək Ermənistanla münasibətlərin sülh nüqaviləsi ilə yekunlaşmasına çalışırıq. Azərbaycan sülh müqaviləsinin imzalanması üçün Ermənistan tərəfinin təxribatlara son qoymasını və üzərinə düşən öhdəlikləri yerinə yetirməsini gözləyir.
Dünyanın heç bir yerində Azərbaycan Prezidenti kimi bir dövlət başçısı yoxdur ki, işğalçılığı öz gücünə bitirsin və bununla yanaşı qarşı tərəfə sülh təklif etsin. Lakin biz görürük ki, sistematik şəkildə Ermənistanı silahlandıran xarici güc mərkəzləri Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmaması üçün əlindən gələn bütün vasitələrdən istifadə edir. Təəssüflər olsun ki, Ermənistan dövləti də sülh məsələsində çox da səmimi davranmır. Bu da dövlətlərarası münasibətlərin daha da korlanmasına səbəb olur. Nəticədə iki dövlət arasında sülh müqaviləsinin imzalanması gecikir. Amma istənilən halda hesab edirəm ki, Ermənistan sülh müqaviləsini imzalamaqdan başqa heç bir yolunun qalmadığını başa düşəcək”.
Səbinə Hüseynli






