“Ermənistan və erməni xalqının yaxşı gələcəyi qonşularla yaxın münasibətlər qurmaqdan asılıdır” – DEPUTAT DANIŞDI
“Azərbaycan öz torpaqlarını işğaldan azad edib, dövlət suverenliyi tam bərqərar edilib. Hər hansı bir müharibə sonda sülh danışıqları masası arxasında başa çatır. Bizə Ermənistanla yeni bir müharibə lazım deyil”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında Milli Məclis sədrinin müavini Musa Qasımlı deyib.
Deputat bildirib ki, Azərbaycanın şərtləri məlumdur: “Həmin şərtlər Ermənistanın da xeyrinədir. Ermənistan və erməni xalqının yaxşı gələcəyi qonşularla yaxın münasibətlər qurmaqdan asılıdır. Ermənistan digər dövlətləri bizimlə sərhədə gətirməməli, sürətlə silahlanmamalı, mehriban qonşuluq yolunu tutmalıdır. Bundan ötrü bir sıra addımların atılması vacibdir. Həmin şərtlər artıq ictimaiyyətə təqdim edilib. Ermənistan əvvəlki illərdə qəbul edilmiş bəzi sənədləri ləğv etməlidir. Xüsusilə 1989-cu il 1 dekabr tarixli qərardan imtina edilməlidir, artıq heç kimə lazım olmayan Minsk Qrupdan imtina etməlidir.
Azərbaycanın mövqeyini cənab Prezident İlham Əliyev dəfələrlə söyləyib. Biz sülh istəyirik, bu sülh regionda bütün xalqların maraqlarına tamamilə uyğundur. Ermənistanda bunu nə qədər tez anlasalar, o qədər faydalı olar”.