media-img_9507

Abşeron rayonu, Xırdalan şəhərində fəaliyyət göstərən “Fortis Group” MMC-yə məxsus müəssisədən ətrafa toz və ağ hissəciklərin yayılması ilə bağlı daxil olan şikayət 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən yerində araşdırılıb.

İdarənin rəisi Asif Məcidov Patrulaz.az-a bildirib ki, aparılan araşdırma və monitorinq zamanı “Fortis Group” MMC-nin sexində baş verən texniki qəza səbəbindən istehsal prosesi zamanı istifadə olunan ağ xammalın ətraf ərazilərə yayıldığı müəyyən edilib:

“Götürülən nümunələr üzərində aparılan analiz və təhlillərin nəticəsinə görə ağ xammalın sənaye qarışıqlarından ibarət olduğu və ətraf mühitin çirklənməsinə səbəb olduğu məlum olub. Eyni zamanda aparılan ölçmə işləri zamanı müəssisədən atmosfer havasına normadan artıq tozun atıldığı da aşkar edilib. Faktla bağlı akt və protokol tərtib edilərək “Fortis Group” MMC-nin sex rəisi Şahyar Səmədov vəzifəli şəxs qismində 4000 manat məbləğində cərimə olunub”.

İdarə rəisi onu da qeyd edib ki, qəza aradan qaldırılanadək sexin fəaliyyətinin dayandırılması ilə bağlı MMC-yə tapşırıq verilib. Hazırda sex fəaliyyətini dayandırıb.


Bənzər xəbərlər