“ “Euronews” kanalının Forum barəsində hazırladığı reportaj mühüm əhəmiyyətlidir”- ŞƏRH
“İlk dəfə 2013-cü ildə Bakıda keçirilən Qlobal Bakı Forumu artıq özünün XXII tədbirini keçirdi və yenə də dünyanın diqqətini cəlb etdi. Forum dünyanı narahat edən məsələlər üzrə mühüm müzakirə platformasıdır və hər forumun özünəməxsus devizi olur. XXII Qlobal Bakı Forumunun devizi isə “Çağırışları fürsətə çevirək” adı altında geniş müzakirələrə səbəb oldu”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Deputat bildirib ki, forumda iqtidarda olan və keçmiş dövlət rəhbərlərinin iştirakı, müxtəlif sahələr üzrə mütəxəssislərin cəlb edilməsi müzakirələri daha da aktual edir: “Təsadüfi deyil ki, artıq forum dünyanın qabaqcıl KİV-ləri tərəfindən işıqlandırılır. “Euronews” kimi milyardlarla auditoriya toplayan kanal forum barəsində geniş reportaj hazırladı. Azərbaycan Prezidenti cənab İlham Əliyev ilə müsahibə isə hazırlanmış reportajın əsas hissəsini təşkil etdi. Görünən odur ki, ölkə rəhbərinin apardığı siyasət Azərbaycanı bu gün dünyanın diplomatik paytaxtlarından birinə çevirir. Bakıda aktual mövzular üzrə geniş fikir mübadiləsinin aparılması dünyanın diqqətini bu və ya digər məsələyə cəlb edir.
Bu gün dünya II Dünya Müharibəsindən sonra ən ağır vəziyyətdədir və belə olan halda dünya birliyində mühüm nüfuza malik olan ölkələrin sözügedən məsələləri müzakirə etməsi doğurdan da, çağırışları fürsətə çevirir. Dövlət rəhbəri Azərbaycanın bu gün dünyada əmin-amanlıq, sabitlik və sülhə verdiyi töhfənin əhəmiyyətini vurğuladı. Gözlənilən odur ki, gələcək forumda iştirakçıların və dövlətlərin sayı qat-qat çox olacaq”.