Ev sahibi olmaq niyə müşkül məsələyə çevrilib? - İQTİSADİ SƏBƏBLƏR
Son illərdə Azərbaycanda, xüsusilə Bakı və böyük şəhərlərdə ev almaq xeyli çətinləşib və bu, əsasən qiymətlərin gəlirlərə nisbətən daha sürətlə artması ilə bağlıdır. Mənzil bazarında bu bahalaşmanı yaradan əsas iqtisadi amillər hansılardır və niyə ev sahibi olmaq bir çox ailələr üçün müşkül məsələyə çevrilib?
Patrul.az mövzu ilə bağlı iqtisadçı Rəşad Həsənovun fikirlərini öyrənib.
Onun sözlərinə görə, mənzil çatışmazlığı problemi, qiymət artımı və əlçatanlığın aşağı düşməsi qlobal səviyyədə aktual olan, sosial-iqtisadi problem kimi qiymətləndirilən məsələlərdəndir:
“Azərbaycan aspektindən yanaşdıqda isə bir sıra amilləri xüsusilə qeyd etmək lazımdır. Son üç onillikdə Azərbaycanda nəzarət olunması çətinləşən daxili miqrasiya və urbanizasiya meyillərini gücləndirən faktorlar mənzilə tələbi daha çox paytaxt və onun ətraf ərazilərində formalaşdırmaqdadır. Bu istiqamətdə kəskin şəkildə tələb artımı müşahidə olunur. Bu, iqtisadiyyatın təmərküzləşməsindən qaynaqlanan problemlərdən biri hesab olunur. Digər tərəfdən Azərbaycanda uzunmüddətli mənzil problemi mövcuddur. Adambaşına düşən mənzil sahəsi təxminən 20 kv metr ətrafında dəyişir ki, bu da inkişaf etmiş ölkələrin orta göstəricilərinə nisbətən təxminən 70-80% daha aşağıdır. Hətta MDB ölkələrində qeydə alınan göstəricilərlə müqayisədə belə ən aşağı rəqəm Azərbaycana məxsusdur. Bu da mənzilə olan tələbatı artıran faktorlardan biri hesab olunur”.
Problemin kökündə dayanan digər amillərdən söz açan həmsöhbətimiz mentalitetlə bağlı bir məsələni vurğulayıb:
“Azərbaycanlı bir ailə üçün mənzil sahibi olmaq ən vacib parametrlərdəndir. Əks halda onların ailə hesab edilməsi ilə bağlı baxışlarda belə qəribəlik sezilir. Bir çox ölkələrin təcrübəsində yanaşma nisbətən fərqlidir. Yəni onlar qarşılarına mənzil sahibi olmaq kimi ciddi hədəflər qoymurlar. Məsələn, Almaniyada əhalinin təxminən 25-30%-nin şəxsi mənzili vardır. Çünki onlar yaşadıqları yerlərdə işləməyə üstünlük verirlər. Sözügedən məsələ də tələbi tətikləyən digər amillərdən biridir. Bu da təbii ki, qiymətlərə öz təsirini göstərir.
Bakı şəhərinin baş planının hazırlanması prosesində müəyyən gecikmələr və eyni zamanda şərtlərin dəyişdirilməsi, tikinti normalarında edilən fərqliliklər, hətta pilot layihələrin həyata keçirilməsinin dayandırılması bu istiqamətdə qiymət artımını şərtləndirən mühüm faktorlar kimi çıxış edir. Son illərdə Rusiya-Ukrayna müharibəsi nəticəsində inşaat materiallarının qiymətində artımlar bu yöndə xərclərin çoxalmasına gətirib çıxardı”.

İqtisadçı hesab edir ki, dövlət ən müxtəlif proqramlar çərçivəsində xüsusilə yeni gənc ailələr, gəliri aşağı olan sosial təbəqə üçün mənzil əlçatanlığını təmin edə bilər:
“Məsələn, ipoteka proqramı çərçivəsində yüksək gəliri olan şəxslərin yaxud mənzili olanların iştirakının məhdudlaşdırılması bu problemin həllində mühüm rol oynaya bilər. O cümlədən, sosial mənzil layihələrinin miqyasının genişləndirilməsi və müvafiq parametrlərin bu istiqamətdə tətbiqi sözügedən prosesə öz dəstəyini göstərə bilər. Bundan əlavə, vergi güzəştləri sayəsində də müəyyən nəticə əldə etmək mümkündür”.
“İnşaat materiallarının yerli istehsalına təşviq edilməsi və təklif bolluğunun formalaşması qiymət artımın qarşısını qismən almaqla mənzilin maya dəyərinə satılması üçün vacib rol oynaya bilər. Regionlarda həyat şəraitinin yaxşılaşdırmaq, köç dalğasını zəiflətməklə tələb istiqamətli təzyiqləri neytrallaşdıra bilər.
Bütün bunların fonunda ümumilikdə deyə bilərik ki, Azərbaycanda tarazlı inkişaf siyasətinin dərinləşdirilməsi və genişləndirilməsi çox önəmlidir”,– deyə o əlavə edib.
Ləman Sərraf






