Ev sahibinin xəbəri olmadan evini dağıdıb, əşyalarını apardılar - Növbəti MTK hegemonluğu
Bakıda tikinti şirkəti vətəndaşa məxsus mənzildə icazəsiz söküntü apararaq əşyalarını oğurlayıb.
Patrulaz.az-a daxil olan məlumata görə, “Orbita” Mənzil Tikinti Kooperativinin (MTK) nümayəndələri Kamil Balakişiyev küçəsi 6 ünvanında yerləşən 128 nömrəli mənzilə ev sahibinin xəbəri olmadan daxil olaraq, həm söküntü işləri aparıb, həm də əşyaları müsadirə edib.
Əldə olunan kadrlarda görünür ki, mənzilin şüşələri sındırılıb, əşyalar dağıdılıb, şkaflar, soyuducu və kondisioner şirkət tərəfindən çıxarılaraq aparılıb.
Zərərçəkən qadın mövcud vəziyyətdən şikayətlənərək, sözügedən şirkətin evini dağıtmasına, əşyalarının bəzilərinin yararsız hala qoyulmasına, bəzilərinin də oğurlanmasına kəskin etirazını bildirib.
Qeyd edək ki, yaşayış sahəsinə sahibkarın icazəsi olmadan daxil olmaq, şəxsi əmlakı dağıtmaq və ya aparmaq həm mülki, həm də cinayət qanunvericiliyinə ziddir. Belə hallarda hüquqi məsuliyyət nəzərdə tutulur.
Bu cür özbaşınalıqlar bir daha göstərir ki, bəzi tikinti şirkətləri vətəndaşın hüququnu heçə sayır və qanuni dövlət prinsiplərinə məhəl qoymur. Dövlət qurumları bu kimi hallara dərhal müdaxilə etməli, mülkiyyət hüququnun pozulmasına qarşı ciddi tədbirlər görməlidir.
Gülbəniz Səfərova