media-inshot_20260202_155012228

Son dövrlər Çində təhsil sahəsində tətbiq olunan yeniliklər geniş marağa səbəb olub. Belə ki, bəzi məktəblərdə ev tapşırıqlarının yoxlanılması prosesinə süni intellekt texnologiyaları cəlb edilir. Bu sistemlər neyron şəbəkələr vasitəsilə şagirdlərin əl yazısını skan edir, tapşırıqlardakı doğru və yanlış cavabları avtomatik şəkildə müəyyənləşdirir və qiymətləndirir. Nəticədə müəllimlərin vaxtını alan yoxlama prosesi xeyli sürətlənir və optimallaşdırılır.

Bu texnoloji yenilik bir tərəfdən təhsildə effektivliyi artırsa da, digər tərəfdən ciddi suallar doğurur. Süni intellektin sürətlə inkişafı fonunda gələcəkdə müəllimlərin rolu necə dəyişəcək? Bu cür sistemlər pedaqoqların işini asanlaşdıran köməkçi alət olaraq qalacaq, yoxsa zamanla insan faktorunu əvəz edəcək? Məhz bu suallar hazırda təhsil ictimaiyyətində ən çox müzakirə olunan mövzulardan birinə çevrilib.

Patrul.az bu suallara cavab almaq məqsədilə ekspertlərin fikirlərini öyrənib.

Mövzu ilə bağlı danışan təhsil eksperti Ramin Nurəliyev bildirib ki, süni intellekt getdikcə qloballaşır və bütün sahələri öz caynağına almağa davam edir:media-inshot_20260202_154520639

“Təbii ki, bunun pedoqoji sahəyə də təsiri olacaq. Yaxın keçmişdə Türkiyədə robot müəllimin sinfə daxil olaraq ona yüklənmiş süni intellekt proqramları, data analitikalar vasitəsilə tədris prosesini həyata keçirdiyinin, şagirdlərin suallarını yerindəcə cavablandırdığının şahidi olduq. Bu o deməkdir ki, artıq böyük dövlətlər robotlar vasitəsilə tədris prosesinin həyata keçirilməsində maraqlıdırlar. Çünki müəllimlər arasında səviyyəni müəyyənləşdirmək olur. Məsələn, bilik baxımından bir qədər zəif müəllimlə valideyn və ya uşaqlar tərəfindən sevilməyə bilir. Lakin süni intellekt proqramlarına yüklənmiş robot müəllimlər həm şagirdlərin bütün suallarını cavablandıracaq, həm də tapşırıqları özlərinin yazıb-yazmadığını müəyyənləşdirəcək.

Bugünkü gündə orta məktəblərdə süni intellektdən istifadə edən şagirdlərin sayı artır.

Süni intellekt sayəsində nəinki təhsildə, demək olar ki bütün peşələrdə ixtisarlar formalaşacaq. Ona görə də hər hansı peşənin ən mükəmməli olmağa çalışmalısınız. Əks təqdirdə həmin sahə üzrə fəaliyyət göstərməyin mümkünsüz olacaq. Artıq yüksək texnologiya vasitəsilə elə proqramlar hazırlanır ki, mühasiblərin ixtisarlaşdırılma prosesi həyata keçirilir. Bu da hər hansı bir iş sahəsində çalışan mühasiblərin sayının 10-dan 1-2-yə düşəcəyini göstərir.

Bu baxımdan süni intellektin təsiri tədris sahəsindən də yan ötməyəcək. Şagirdlər süni intellektin bir forması olan “ChatGPT” vasitəsilə tapşırıqlarını hazırlaya və ya lazım olan məlumatları istədikləri zaman ala biləcəklər”.

Ekspert bu prosesin mənfi tərəflərini də qeyd edib:

“Şagirdlərin süni intellekt vasitəsilə tapşırıqlarını əziyyət çəkmədən hazırlaması beyninin passivləşməsinə gətirib çıxaracaq. Ona görə də valideynlər də, müəllimlər də diqqətli olmalıdır. Şagirdə ev tapşırığı verildikdə onun həqiqətən özünün əziyyət çəkərək həll edib-etməyəcəyinə nəzarət olunmalıdır. Təbii ki, internet resurslarından, süni intellektin müxfəlif formalarından kömək məqsədilə istifadə etmək olar. Amma tapşırığı tamamilə bu proqramlara həvalə etmək olmaz.

Hesab edirəm ki, bunun qarşısını almaq üçün qoruyucu təlimatlar həyata keçiriləcək.

Süni intellektin inkişafı təhsilverənlərin sayının azalmasına gətirib çıxaracaq.

Hazırda nazirlik tərəfindən sertifikasiya nəticələri aşağı olan müəllimlərin əmək fəaliyyətinə xitam verilir. Lakin süni intellektin tədris prosesinə nüfuzu gücləndikcə təhsilverənlərin daha da mükəmməl nəticə göstərməkləri lazım gələcək. Yəni, məktəblərdə hər fənn üzrə 1-2 peşəkar müəllim qala bilər. Çünki elm elə bir sahədir ki, bu peşə sahibləri mütəmadi olaraq təkmilləşməlidir”.

“Bütün bunları nəzərə alaraq, deyə bilərik ki, gənclər müasir dövrün tələblərinə uyğun olaraq öz sahələrini seçməlidir”,– deyə o əlavə edib.

Təhsil üzrə ekspert Rizvan Fikrətoğlu da öz fikirlərini bildirib.

Onun sözlərinə görə, süni intellekt müəllimləri tam olaraq əvəzləyə bilməsə də, onların təhsildə rolunu ciddi şəkildə dəyişəcək:media-inshot_20260202_154737530

“Doğrusu, süni intellekt ev tapşırıqlarının yoxlanması üçün məntiqlidir. Çünki o, bu işi yorulmadan və sürətli şəkildə həyata keçirir, əl yazısını oxuya, səhvləri müəyyənləşdirə, statistik analiz apara bilir. Bununla da müəllimə əlavə vaxt qazandırır. Amma müəllimlərin vəzifəsi yalnız səhvləri tapmaq deyil.

Məsələn, uşaqların psixologiyasını anlamaq, moderatorluq baxımından süni intellekt müəllimi əvəz edə bilməz. Çünki süni intellektin emosiyaları yoxdur.

Esselərin yazılması, müzakirə və fikir formalaşdırmaq kimi işləri də süni intellekt müəllim kimi bacara bilmir.

Digər tərəfdən dəyərlər və sosial bacarıqlar məsələləri də var. Hansı ki empatiya qurmaq, məsuliyyət, komanda işi və s. bunların da üstəsindən müəllim daha yaxşı gəlir.

Ən real ssenari bu ola bilər ki, süni intellekt yoxlama, test və s. kimi rutin tapşırıqları edə, fərdi zəif nöqtələri müəllim üçün müəyyənləşdirə bilər. Müəllim isə mentor rolunu üzərinə götürər.

Bir sözlə, süni intellekt müəllimi əvəz etməyəcək, onu daha da gücləndirəcək”.

R.Fikrətoğlu süni intellektin təhsildə bərabərliyi artıracağı, yoxsa fərqləri dərinləşdirə biləcəyi mövzusuna da toxunub.

O qeyd edib ki, süni intellekt düzgün tətbiq olunduqda bərabərliyi artıra, yanlış tətbiqdə isə uçurum yarada bilər:

“Müəllimin çatdıra bilmədiyi işləri süni intellektin həll etməsi, onu ikinci müəllimə çevirir. Süni intellekt sayəsində qiymətləndirmədə subyektivlik də azalır. Yəni, tanışlıq, empatiya, əhval-ruhiyyə kimi faktorlar qiymətləndirməyə daha az təsir edir.  Texnologiya imkanları, internetin sürəti eyni olduğu süni intellekt təhsildə bərabərlik yaradır.

Yekun olaraq bildirib ki, süni intellekt təhsildə ədaləti yaradan alət də, ədalətsizliyi dərinləşdirən silah da ola bilər. Qərarı texnologiya deyil, insan verir”.

Ləman Sərraf


Bənzər xəbərlər