Evdə internet niyə donur? - Problemin əsas səbəbləri açıqlandı
Son günlər evdə Wi-Fi sürətinin aşağı olması problemi bir çox istifadəçinin narahatlığını artırır. Xüsusilə video zənglər, onlayn dərslər və oyunlar zamanı internetin yavaşlaması gündəlik fəaliyyətə ciddi təsir edir.İnsanlar evdə öz imkanları ilə Wi-Fi-ni sürətləndirmək üçün müxtəlif praktik üsullar axtarırlar. İstifadəçilər tez-tez “Mövcud routeri dəyişmək lazımdırmı, yoxsa proqram təminatının yenilənməsi, kanal seçiminin dəyişdirilməsi və ya əlavə gücləndirici qurğular problemi həll edə bilər?” sualını verirlər.
Bəs, evdə Wi-Fi sürətini artırmaq üçün hansı üsullar daha effektivdir və hansı hallarda routeri dəyişmək zəruridir?
Bu mövzu ilə bağlı Patrul.az-ın sualını Texnoloq Elvin Həsənov cavablandıraraq bildirib ki, Wi-Fi sürəti əksər hallarda routerin düzgün yerləşməsi və proqram təminatının yenilənməsindən asılıdır, cihazı dəyişmək həmişə lazım deyil.
“Bunu sadə və praktik izah etsəm əgər Wi-Fi zəifdirsə, hər dəfə ilk ağla gələn “routeri dəyişmək lazımdır” olur. Amma əksər hallarda problem cihazın köhnə olması yox, yerləşmə, sazlama və yük paylanması ilə bağlı olur. Yekun qərara gələ bilmək diqqət edilməli bəzi məqamlar var ki, bunlarda birinci və ən vacib məsələ routerin yerləşdiyi yerdir. Router küncdə, divara sıxılmış, televizorun arxasında və ya metal əşyaların yanında olanda siqnal zəifləyir. Wi-Fi dalğaları divar, beton və metal səthdən keçəndə güc itirir. Router mümkün qədər evin mərkəzinə və açıq sahəyə qoyulmalıdır. Bəzən təkcə yerini dəyişmək sürəti nəzərəçarpacaq dərəcədə artırır.
İkinci məsələ proqram təminatıdır. Routerlərin də öz operativ sistemi var və vaxtında yenilənmədikdə performans və təhlükəsizlik zəifləyə bilər. Firmware yeniləməsi həm sürət, həm də stabil işləmə baxımından faydalıdır. Eyni zamanda routeri uzun müddət söndürməmək də problemlər yaradır. Ayda bir dəfə restart etmək belə performansı yaxşılaşdıra bilir”.

Mutexesis qeyd edir ki, Wi-Fi sürətinə kanal seçimi, tezlik növü, qoşulan cihaz sayı və şəbəkə gücləndirici sistemlər ciddi təsir göstərir:
“Üçüncü vacib məqam kanal seçimidir. Xüsusilə çoxmənzilli binalarda hamı eyni Wi-Fi tezliyindən istifadə edir və kanallar üst-üstə düşür. Bu zaman şəbəkələr lori dildə desək bir-birinə mane olur. Əgər router ayarlarında avtomatik kanal seçimi aktivdirsə, bu yaxşıdır. Əgər yoxdursa əl ilə boş kanala keçmək sürəti artıra bilər. Burda 2.4 GHz və 5 GHz tezlikləri də fərqlidir, 2.4 daha uzağa çatır, amma yavaşdır; 5 GHz daha sürətlidir, amma məsafəyə həssasdır.
Dördüncü məsələ isə şəbəkəyə qoşulan cihaz sayıdır. Evdə televizor, telefon, planşet, kamera, ağıllı cihazlar bütün bunlar hamısı eyni anda işləyirsə, router yüklənir. Köhnə model routerlər çoxsaylı cihaz yükünü stabil daşıya bilmir. Bu halda artıq yeni nəsil (məsələn, Wi-Fi 6 dəstəkləyən) routerə keçmək real fərq yarada bilər. Əlavə gücləndirici qurğulara gəlincə, əgər ev böyükdürsə və ya çox divarlıdırsa, sadə repeater əvəzinə mesh sistemi daha effektiv olur. Çünki repeater siqnalı təkrar ötürəndə sürəti azalda bilər, mesh isə vahid şəbəkə kimi işləyir və daha stabil nəticə verir”.
Cəmilə Cəfərzadə






