Evimizdə çirkab, eşidən yoxdur – NZS sakinlərinin harayı! - VİDEO
Bakı şəhəri NZS qəsəbəsi, Savxoz-13 ünvanında yerləşən bir sıra yaşayış evləri kanalizasiya sularının daşması nəticəsində ağır antisanitar vəziyyətlə üz-üzə qalıb.
Patrulaz.az-a daxil olan məlumata görə, mənzil 3 ünvanından çəkilən video görüntülərdə kanalizasiya sisteminin lyuklarından axan çirkab suların evlərin həyətyanı sahəsinə və padvalına dolduğu aydın görünür. Nəticədə həmin ərazidə sanitar-gigiyenik vəziyyət son dərəcə kritik hal alıb.
Şikayətçi sakin bildirir ki, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət olunub. Lakin 18 gündür problemin həllinə yönəlik heç bir tədbir görülməyib:
“Quruma müraciət edirik, bizi Xətai Rayon İcra Hakimiyyətinə yönləndirirlər. Oradan isə ya cavab verilmir, ya da məsuliyyəti üzərlərinə götürmürlər. Baş idarə isə maşın göndərmir ki, lyuku açsın. Evdə yaşlılar və körpə uşaqlar var, nəfəs almaq mümkün deyil. Pis qoxu hər tərəfi bürüyüb”, – deyə sakin vəziyyəti təsvir edib.
Qeyd edək ki, yaranmış vəziyyət səbəbilə sakinlər evlərində yaşamaqda ciddi çətinlik çəkirlər və problemin tezliklə aradan qaldırılmasını xahiş edirlər.
Gülbəniz Səfərova