media-inshot_20250807_122949021

“Əgər yeməyini bitirsən, sənə konfet verəcəyəm”; “Bu gün uşaq bağçasında yaxşı davransan, axşam dondurma yeyərik”…

Əksər valideynlərə bu cümlələr tanış gəlir. Şirniyyat, illərdir uşaqlar üçün təkcə dadlı bir zövq yox, həm də davranışa yön vermək üçün bir mükafat alətinə çevrilib. Lakin bu vərdiş göründüyü qədər zərərsizdirmi? Uşağın zehni və emosional inkişafı baxımından bu “şirin metod” hansı acı nəticələrə gətirib çıxara bilər?

Patrulaz.az mövzu ilə bağlı araşdırma edib.

Mükafatlandırma niyə vacibdir?

Psixologiyada pozitiv gücləndirmə (positive reinforcement), yəni arzuolunan davranışdan sonra mükafat vermə metodu uşaqlarda istənilən vərdişlərin formalaşması üçün effektiv üsul sayılır. Lakin problem buradadır ki, mükafatın növü yanlış seçildikdə bu metod zərərli təsirlərə yol aça bilər.

Mükafat olaraq istifadə edilən şirniyyat, tədricən uşağın beyin kimyasına müdaxilə edir. Şəkər, beyində dopamin ifrazını artıraraq xoşbəxtlik hissi yaradır. Bu isə gələcəkdə yalnız şəkər vasitəsilə sevinc yaşama ehtiyacına, yəni, emosional asılılığa çevrilə bilər.

Uşağın beynində yaranan kod: “Şirniyyat = Sevgi, təqdir, dəyər”

Uşaqlıq dövrü insan həyatında təməl inancların formalaşdığı bir mərhələdir. Əgər bir uşaq yaxşı bir davranış etdikdə, təkrar-təkrar şirniyyatla mükafatlandırılırsa, onun zehnində belə bir əlaqə yaranır:

“Mən yalnız yaxşı davrananda konfet qazanıram. Deməli, məni sevmələri üçün yaxşı olmalıyam. Yaxşı olduğumu isə konfetlə sübut edirlər”.

Bu isə, bir növ şərtli sevgi anlayışının formalaşmasına səbəb ola bilər. Uşaq özünü yalnız müəyyən davranışlardan sonra layiqli hiss edir. Həmin mükafat (şirniyyat) olmazsa, özünü dəyərsiz və unudulmuş sayır.

Səhv mükafat: Şəkərin fiziki və emosional zərərləri

Həkimlər xəbərdarlıq edir ki, uşaqlıq dövründə şəkərə yüksək səviyyədə alışqanlıq gələcəkdə piylənmə, şəkərli diabet, diş çürümələri və davranış pozuntuları kimi bir çox problemin təməlində dayanır. Üstəlik, şəkər beyində qısa müddətli həzz yaratsa da, ardından enerji düşməsi, əsəbilik və diqqət dağınıqlığı ilə müşahidə edilə bilər.

Davamlı olaraq şirniyyatla “təltif edilən” uşaq, emosional ehtiyaclarını da yeməklə qarşılamağa başlayır. Bu isə gələcəkdə emosional yeyicilik (emotional eating) kimi ciddi psixoloji çətinliklərə yol aça bilər.

Uşaqlarla ünsiyyətdə başqa yollar yoxdurmu?

Əlbəttə var. Mükafatlandırma mütləq şəkildə yeməklə, xüsusilə də şəkərlə edilməməlidir. Uşağın yaxşı davranışını təqdir etmək üçün:

– Sözlü mükafat: “Səninlə qürur duyuram!”, “Çox ağıllı davrandın” kimi cümlələr uşağın dəyər hissini artırır.

– Emosional yaxınlıq: Birgə oynamaq, qucaqlamaq, vaxt ayırmaq – bunlar uşaq üçün hər konfetdən daha qiymətlidir.

– Kiçik sürprizlər: Sevdiyi bir kitabı oxumaq, maraqlı bir parka getmək, birlikdə tort hazırlamaq kimi fəaliyyətlər həm emosional bağ qurur, həm də davranış motivasiyası yaradır.

Uşağa deyil, davranışa fokuslanın

Uşaqları şirniyyatla mükafatlandırmaq, onların diqqətini davranışdan çox, alacaqları nəticəyə yönəldir. Bu isə bir müddət sonra motivasiyanın daxili deyil, xarici qaynaqlarla formalaşmasına səbəb olur. Uşaq “doğru olduğu üçün yox”, “konfet alacağı üçün” düzgün davranır. Uzun müddətdə isə bu, məsuliyyət hissini deyil, məqsədə çatmaq üçün mükafat gözləmə alışqanlığını formalaşdırır.

Şirinlik dozasında gözəldir

Uşaqlar təbiətcə oyunbaz, sevincli və gözlənilməzdir. Onları böyütmək böyük sevinc, amma bir o qədər də məsuliyyətdir. Onların fiziki sağlamlığı qədər, emosional sağlamlıqları da bizim onlara təqdim etdiyimiz gündəlik seçimlərlə formalaşır. Şirniyyatla mükafatlandırma bu gün rahat bir həll kimi görünsə də, sabah ödənəcək emosional və fiziki borcların toxumudur.

Sevgi ilə böyüyən bir uşaq, mükafat axtarmadan da gözəl davranmağı öyrənər. Ən böyük mükafat, bəlkə də, uşağın öz içində formalaşan dəyər və güvəndir.

Ləman Sərraf


Bənzər xəbərlər