media-de16a5aa-1b53-4d27-acc5-45e3515b384d

Apteklərdə satılan eyni adlı və eyni tərkibli dərmanların qiymətləri çox vaxt bir-birindən ciddi şəkildə fərqlənir. Vətəndaşlar bir aptekdə aldıqları dərmanın bir neçə metr aralıdakı digər aptekdə daha ucuz və ya daha baha olduğunu görür və bu durum haqlı suallar yaradır. Xüsusilə gündəlik istifadə olunan dərmanlarda müşahidə edilən qiymət fərqləri alıcıların diqqətini çəkir və bazarda vahid qiymət anlayışının olub-olmaması müzakirə mövzusuna çevrilir.

Bəs eyni dərmanın müxtəlif apteklərdə fərqli qiymətlərlə satılması bazar mexanizmləri baxımından necə izah olunur?

Bu mövzu ilə bağlı Patrul.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, eyni dərmanın müxtəlif apteklərdə fərqli qiymətə satılması həm sərbəst bazar rəqabəti, həm də tənzimlənmiş dərmanlarda maksimum qiymət həddi ilə izah olunur:

media-322f5431-7c91-464f-a0d7-f372c4416edc

“Bazar mexanizmləri baxımından eyni dərmanın müxtəlif apteklərdə fərqli qiymətə təklif olunması bir neçə amillə izah olunur. Əvvəla, bütün dərmanlar Tarif Şurasının tənzimlədiyi siyahıya daxil deyil. Siyahıya düşməyən preparatlar üzrə qiymət sərbəstdir və apteklər alış qiymətinə, xərclərinə və mənfəət gözləntilərinə uyğun fərqli qiymət qoyurlar. Bu, klassik rəqabət mexanizmidir. Tənzimlənən dərmanlarda isə fərqlər əsasən yuxarı həddlə bağlıdır. Qanun maksimum satış qiymətini müəyyən edir, amma aptek bu qiymətdən aşağı satmaqda sərbəstdir. Buna görə bəzi apteklər müştəri cəlb etmək, dövriyyəni artırmaq və ya stokdakı məhsulu tez satmaq üçün endirimli qiymət tətbiq edə bilirlər.”

Ekspertin sözlərinə görə, apteklərdə qiymət fərqləri həm maya dəyəri və xərclərin müxtəlifliyindən, həm də qanunvericilik elastikliyi və bəzən hüquqi pozuntulardan qaynaqlanır:

“Digər tərəfdən, apteklərin alış şərtləri eyni olmur. Topdansatışçılarla müqavilələr, alınan həcmlər, ödəniş müddətləri və logistika xərcləri fərqləndiyi üçün apteklərin maya dəyəri də dəyişir. İcarə haqqı, yerləşmə yeri, işçi xərcləri və xidmət səviyyəsi kimi amillər də qiymət siyasətinə təsir göstərir. Nəhayət, bazarda nəzarət və icra mexanizmlərinin tam eyni səviyyədə işləməməsi də rol oynaya bilər. Yəni bəzi hallarda məlumat çatışmazlığı və ya zəif nəzarət səbəbindən təsdiqlənmiş maksimum qiymətdən yuxarı satış halları baş verə bilər ki, bu artıq bazar mexanizmi yox, hüquqi pozuntu ilə bağlı məsələdir. Bu səbəblərin cəmi onu göstərir ki, tənzimləmə olsa belə, bazar daxilində müəyyən qiymət fərqləri yaranır və bu, ya qanunun verdiyi elastiklikdən, ya da real bazar xərclərinin müxtəlifliyindən qaynaqlanır.”

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər