media-photo-output

Fövqəladə Hallar Nazirliyi Paytaxtın Binəqədi rayonu, Cəfər Xəndan və Rövşən Hüseynov küçələrinin kəsişməsində yerləşən və “Mebelçi MTK”ya məxsus olduğu bildirilən çoxmərtəbəli yaşayış binasının fasadından kərpiclərin qoparaq yerə tökülməsi ilə bağlı yayımladığımız  xəbərə münasibət bildirib.

Nazirlikdən Patrul.az-a verilən açıqlamada qeyd olunub ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Rövşən Hüseynov küçəsində yerləşən sözügedən yaşayış binasının tikintisinə Şəhərsalma və Tikinti Məcəlləsinin qüvvəyə minməsindən və FHN-in yaranmasından əvvəl başlanılıb və tikinti həmin dövrdə başa çatdırılıb.

Bildirilib ki, sosial şəbəkələrdə yayılan videogörüntülər əsasında FHN mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilib və binanın fasad hissəsindən kərpiclərin qoparaq tökülməsi faktı öz təsdiqini tapıb.

Açıqlamada həmçinin vurğulanıb ki, istismarda olan yaşayış binaları ilə bağlı inzibati icraat yerli icra hakimiyyəti orqanlarının səlahiyyətinə daxildir. Bununla belə, baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması məqsədilə aidiyyəti qurumlara təxirəsalınmaz tədbirlərin görülməsi üçün 7 aprel 2026-cı il tarixində rəsmi məktublar göndərilib.

Xatırladaq ki, Patrul.az-a daxil olan foto və videogörüntülərdə binanın yuxarı hissəsindən qopan tikinti materiallarının yerə düşdüyü, bunun isə həm sakinlər, həm də ərazidən keçən piyadalar üçün ciddi təhlükə yaratdığı əks olunmuşdu.


Bənzər xəbərlər