"Fənərbaxça" tarixinin ən bahalı transferini vaxtıykən onu ÇL-dən salan bu futbolçu ilə reallaşdırdı
Türkiyənin futbol klubu “Fənərbaxça” tarixinin ən bahalı transferini reallaşdırıb.
Patrulaz.az “Sondakika.com”a istinadən xəbər verir ki, İstanbul təmsilçisi Türkiyə millisinin üzvü Kerem Aktürkoğlunu Portuqaliyanın “Benfika” klubundan rekord məbləğə transfer edib.
Klub bu keçid üçün “Benfika”ya 22,5 milyon avro ödəndiyini açıqlayıb. Bununla da Kerem Aktürkoğlu “Fənərbaxça” tarixində ən bahalı transfer kimi yadda qalıb.
Keremin gəlişindən əvvəl “Fənərbaxça”nın ən bahalı transferi 19,5 milyon avroya alınmış mərakeşli hücumçu Youssef En-Nesyri olmuşdu.
25 yaşlı futbolçu İstanbul klubuna keçidini belə şərh edib:
“Bilirsinizmi niyə? Türkiyənin ən şərəfli klubuna qatıldığım üçün xoşbəxtəm dedim? Çünki imza atdığım hər kluba həmişə 100% verdim və başqa cür düşünmədim”.
“Fənərbaxça”nın Futbol Direktoru Devin Özek də Keremlə bağlı fikirlərini bölüşüb:
“Kərəmlə müqavilə imzaladığımız üçün çox şadıq. O, yüksək səviyyəli cinah oyunçusudur, liqanı tanıyır və birbaşa təsir etməyə hazırdır. Fənərbaxçada oynamaq üçün özünəməxsus motivasiyası və enerjisi var. Uğurlu mövsüm keçirəcəyimizə inanırıq”.
Qeyd edək ki, ötən mövsüm “Benfika”nın heyətində 53 oyunda 16 qol vuran Kerem Aktürkoğlu, bu mövsüm də 5 görüşdə iştirak edib. O, sonuncu dəfə avqustun 27-də UEFA Çempionlar Liqasının pley-off mərhələsində məhz “Fənərbaxça”ya qarşı meydana çıxıb və “Benfika”nın 1:0 hesablı qələbəsini təmin edən yeganə qolu vurub.
Bu qol sayəsində də “Benfika” Çempionlar Liqasına yüksəlib, “Fənərbaxça” isə ÇL-dən kənarda qalıb.
Gülbəniz Səfərova






