FHN Yasamaldakı binada aparılan qanunsuz söküntü işləri ilə bağlı hərəkətə keçdi - RƏSMİ
Yasamal rayonu, D.Bünyadzadə küçəsi 12 ünvanında yerləşən 9 mərtəbəli yaşayış binasında aparılan qanunsuz tikinti-söküntü işləri ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən tədbir görülüb.
Patrulaz.az-ın sorğusuna cavab olaraq FHN-in Mətbuat Xidmətindən bildirilib ki, nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən əraziyə baxış zamanı binanın zirzəmisində qanunsuz qazıntı işlərinin aparıldığı, hətta yükdaşıyan konstruktiv elementlərə müdaxilə olunduğu müəyyən edilib:
“Faktla bağlı Agentlik tərəfindən aidiyyəti qurumlara rəsmi müraciət edilib. Lakin buna baxmayaraq, sözügedən zirzəmidə tikinti işlərinin davam etdirildiyi aşkarlanıb.
Nəticədə Agentliyin əməkdaşları tərəfindən obyektə təkrar baxış keçirilib və akt tərtib olunub. Həmin akta əsasən, müvafiq layihə çərçivəsində bərpa-gücləndirmə işlərinin aparılması üçün yerli icra hakimiyyətinə müraciət ünvanlanıb.
Bununla yanaşı, qanunsuz işləri həyata keçirən şəxslərin hüquqi məsuliyyətə cəlb olunması üçün də müvafiq dövlət qurumlarına məlumat verilib”.
Xatırladaq ki, sözügedən ərazidə bir neçə fəhlə qüvvəsi yaşayış binasının zirzəmisinə daxil olaraq qanunsuz söküntü işləri aparmışdı. Bu zaman onlar binanın təməlini təşkil edən beton laylarını kəsərək konstruksiyaya ciddi zərər vurmuş və təhlükəli vəziyyətin yaranmasına səbəb olmuşdular. Hadisədən xəbər tutan sakinlərin müdaxiləsinə baxmayaraq, artıq binanın dayanıqlığına xələl gəlmişdi.






