media-inshot_20260514_182218671

“BMT-nin 13-cü Dünya Şəhərsalma Forumu – WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun və qlobal təşəbbüslərdə artan rolunun növbəti mühüm göstəricisidir. Dünyanın 180 ölkəsindən nümayəndələrin iştirak edəcəyi bu mötəbər tədbir şəhərsalma, dayanıqlı inkişaf və urbanizasiya sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır”.

Bu fikirləri Milli Məclisin deputatı Azər Badamov Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun ölkəmiz üçün açacağı imkanlar barədə Patrul.az-a açıqlamasında bildirib.

Deputat bildirib ki, Azərbaycan işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi “ağıllı şəhər” və “ağıllı kənd” layihələri ilə təhlükəsiz, ekoloji dayanıqlı və müasir urbanizasiya modelini formalaşdırır:

“Bu gün dünyada urbanizasiya sürətlə gedən prosesdir və müasir şəhərlərin təhlükəsiz, ekoloji baxımdan dayanıqlı və insan yönümlü prinsiplər əsasında qurulması prioritet məsələlərdən biridir. Azərbaycan da bu istiqamətdə mühüm təcrübəyə malik ölkələrdəndir. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma və bərpa işləri çərçivəsində “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi ölkəmizin müasir şəhərsalma modelini nümayiş etdirir”.

A. Badamov qeyd edir ki, WUF13 Azərbaycanın “ağıllı şəhər” təcrübəsini dünyaya təqdim etməsi və yeni beynəlxalq əməkdaşlıq, investisiya imkanları qazanması üçün mühüm platforma olacaq:

“WUF13 çərçivəsində Azərbaycan bu uğurlu təcrübəni beynəlxalq ictimaiyyətə təqdim etmək imkanı qazanacaq. Bu, həm ölkəmizin şəhərsalma sahəsində əldə etdiyi nailiyyətlərin tanıdılması, həm də yeni beynəlxalq tərəfdaşlıqların qurulması baxımından mühüm platformadır.

Forumun digər əhəmiyyətli tərəfi ondan ibarətdir ki, tədbirə dünyanın müxtəlif ölkələrindən yüksək səviyyəli rəsmilər, ekspertlər və beynəlxalq təşkilatların nümayəndələri qatılacaqlar. Bu isə Azərbaycanın beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsinə, yeni investisiya və inkişaf layihələrinin müzakirəsinə əlavə imkanlar yaradacaqdır”.

media-inshot_20260514_181505928

Deputatın sözlərinə görə, WUF13 forumuna 32 mindən çox iştirakçının qeydiyyatı Azərbaycanın beynəlxalq nüfuzunu, təşkilatçılıq imkanlarını və “ağıllı şəhər” modeli ilə qlobal əməkdaşlıq potensialını nümayiş etdirən mühüm göstəricidir:

“WUF13 Azərbaycanın “ağıllı şəhər” təcrübəsini dünyaya təqdim etməsi və yeni beynəlxalq əməkdaşlıq, investisiya imkanları qazanması üçün mühüm platforma olacaq.

Forumda iştirak etmək üçün artıq 32 mindən çox qonağın qeydiyyatdan keçməsi onun qlobal əhəmiyyətini bir daha təsdiqləyir. Eyni zamanda bu tədbir Azərbaycanın beynəlxalq səviyyədə daha geniş tanıdılması, turizm potensialının təşviqi və ölkəmizin müasir inkişaf modelinin nümayiş etdirilməsi üçün mühüm fürsətdir.

Azərbaycan artıq beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkili sahəsində böyük təcrübəyə malikdir. Hesab edirəm ki, WUF13 forumu da ölkəmizin təşkilatçılıq imkanlarını və beynəlxalq nüfuzunu bir daha nümayiş etdirəcək, Azərbaycanın qlobal platformalarda mövqeyinin daha da möhkəmlənməsinə töhfə verəcəkdir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər