Gecə 7 saatdan az yatanlar infarkt riskini...
Mütəxəssislərin fikrincə, gecə yuxusunun müddəti və keyfiyyəti birbaşa ürək-damar sağlamlığı ilə bağlıdır. Son illər aparılan tədqiqatlar göstərir ki, gündə yeddi saatdan az yatan insanlarda infarkt, ürək çatışmazlığı, aritmiya və damar tıxanması riski əhəmiyyətli dərəcədə artır. Bu amil artıq yalnız yaşlılar üçün deyil, gənclər üçün də ciddi təhlükə hesab olunur.
Patrul.az-ın araşdırmasına görə, keyfiyyətsiz və az yuxu ürək-damar xəstəliklərinin inkişafında mühüm rol oynayır. Yuxu zamanı orqanizm həm fiziki, həm də zehni olaraq bərpa prosesindən keçir. Dərin yuxu mərhələsində ürək döyüntüləri və qan təzyiqi aşağı düşür, ürək dincəlməyə başlayır. Yuxu pozulduqda və ya kifayət qədər olmadığı təqdirdə bu bərpa prosesi baş vermir, nəticədə ürək daha çox yüklənir.
Mövcud məlumatlara əsasən, yuxu pozğunluğu yaşayan şəxslərdə yüksək təzyiq, qan şəkərinin artması, piylənmə, ağciyər xəstəlikləri və astma daha tez-tez müşahidə olunur ki, bu da ürək-damar xəstəliklərinin yaranma riskini artırır.
Gənclərdə ürək xəstəliklərinin artmasının əsas səbəblərdən biri yuxu rejiminin pozulmasıdır.
Son illərdə koronar arteriya tıxanması yalnız yaşlılarda deyil, gənclər arasında da artmaqdadır. Mütəxəssislər bunun səbəbləri kimi qeyri-sağlam qidalanma, gündəlik stres, fiziki aktivliyin azalması və ən önəmlisi – gecə yuxusunun pozulmasını göstərirlər. Xüsusən də gecə saat 23:00-dan sonra yatmaq yuxu keyfiyyətini aşağı salır və orqanizmin bioritmini pozur. Bu isə həm infarkt, həm də aritmiya riskini yüksəldir.
Yeddi saatdan az yuxu bədəndə iltihabi proseslərin artmasına səbəb olur. Bu proseslər zamanla koronar damarlarda tıxanma riskini gücləndirir. Araşdırmalar göstərir ki, kifayət qədər yatan insanlarda damar tıxanması və infarkt riski daha aşağı olur.
Gecələr tez-tez oyanmaq, xüsusilə də nəfəs darlığı ilə yuxudan ayılmaq ürək çatışmazlığı və digər ürək-damar xəstəliklərinin ilkin göstəricisi ola bilər. Yuxunun 7 saatlıq fasiləsiz davam etməməsi, 1–2 saatdan sonra oyanmaq, gecə boyu rahat nəfəs almaqda çətinlik çəkmək risk qrupuna daxil şəxslərdə daha çox müşahidə olunur.
Yaxşı yuxu üçün vacib qaydalar:
Araşdırmalar keyfiyyətli yuxunun ürək üçün ən vacib qoruyucu mexanizmlərdən biri olduğunu təsdiqləyir. Bunun üçün gündəlik həyat tərzində aşağıdakı məqamlara diqqət yetirmək tövsiyə edilir:
– Gün ərzində ağır, yağlı və duzlu qidalardan uzaq durmaq;
– Axşam saatlarında kofein, spirt və siqaretdən çəkinmək;
– Gündəlik fiziki aktivliyi artırmaq;
– Hər gün eyni saatda yatmaq və oyanmaq vərdişi yaratmaq;
– Axşam saatlarında gec yeməkdən qaçmaq,
– Stressi minimuma endirmək və rahatlaşdırıcı fəaliyyətlərə üstünlük vermək.
Araşdırmalar açıq şəkildə göstərir ki, yuxu yalnız istirahət deyil, ürəyin əsas bərpa mexanizmidir. Keyfiyyətsiz yuxunun davamlı olması isə həm gənclər, həm də yaşlılar üçün ciddi ürək-damar xəstəliklərinə yol aça bilər. Bu səbəbdən sağlam yuxu rejiminin qorunması ürək sağlamlığının ən vacib şərtlərindən biri kimi qəbul edilir.






