"Gecə daha yaxşı oxuyuram" düşüncəsi ilə səhərə qədər oyaq qalan abituriyentlərə XƏBƏRDARLIQ
İmtahan dövründə bir çox abituriyent uzun saatlarla dərs oxusa da, bəzi gündəlik vərdişlər diqqət dağınıqlığı, yaddaş zəifləməsi və psixoloji yorğunluq yarada bilir. Xüsusilə gecə rejiminin pozulması, sosial şəbəkə asılılığı, həddindən artıq stress və plansız hazırlığın beynin məhsuldarlığına təsiri tez-tez müzakirə olunur.
Bəs, abituriyentlərin zehni yorğunluğunu artıran əsas vərdişlər hansılardır? İmtahan dövründə beynin daha sağlam və məhsuldar işləməsi üçün şagirdlər hansı davranışlardan uzaq durmalı, hansı vərdişləri formalaşdırmalıdırlar?
Bu barədə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri, Azərbaycan Respublikasının Təhsil İnstitutunun baş metodisti Pərvinə Qədimova Patrul.az-a açıqlamasında bildirib ki, imtahan dövründə yuxusuzluq və yanlış gündəlik vərdişlər beynin fəaliyyətini zəiflədərək diqqət, yaddaş və öyrənmə qabiliyyətini azaldır:
“İmtahan dövründə bir çox abituriyent düşünür ki, uğurun əsas şərti yalnız uzun saatlarla dərs oxumaqdır. Halbuki beynin məhsuldar işləməsi təkcə oxunan materialın həcmi ilə deyil, gündəlik həyat tərzi, emosional vəziyyət və düzgün vərdişlərlə birbaşa bağlıdır. Bəzən şagird saatlarla masa arxasında otursa da, etdiyi yanlış gündəlik davranışlar onun diqqətini zəiflədir, yaddaşı yorur və öyrəndiklərini mənimsəməsinə mane olur.
Zehni yorğunluğu artıran əsas vərdişlərdən biri yuxu rejiminin pozulmasıdır. Xüsusilə gecə saat 2–3-ə qədər dərs oxumaq və ya telefonda vaxt keçirmək beynin bərpa prosesini zəiflədir. İnsan beyni xüsusilə gecə yuxusu zamanı informasiyanı sistemləşdirir və yaddaşa köçürür. Yuxusuz qalan şagird isə ertəsi gün daha tez yorulur, diqqəti yayınır, oxuduğunu anlamaqda çətinlik çəkir. Məsələn, bəzi abituriyentlər “gecə daha yaxşı oxuyuram” düşüncəsi ilə səhərə qədər oyaq qalırlar. Amma bu zaman beynin işləmə keyfiyyəti azalır və oxunan məlumatın böyük hissəsi uzunmüddətli yaddaşda qalmır”.

P.Qədimova qeyd edir ki, sosial şəbəkə asılılığı və plansız hazırlıq diqqəti zəiflədərək, psixoloji gərginliyi və zehni yorğunluğu artırır:
“Digər ciddi problem sosial şəbəkə asılılığıdır. Dərs arasında “cəmi 5 dəqiqə” telefona baxmaq çox vaxt yarım saatlıq diqqət itkisinə çevrilir. Sosial şəbəkələr beynin davamlı diqqət mexanizmini zəiflədir, şagirdi sürətli informasiya axınına alışdırır. Nəticədə uzun mətnləri oxumaq, riyazi məsələlər üzərində düşünmək və ya materialı analiz etmək çətinləşir. Xüsusilə imtahan dövründə başqalarının nəticələrini, “neçə saat dərs oxudum” videolarını izləmək bəzi şagirdlərdə müqayisə hissi və psixoloji gərginlik yaradır.
Plansız hazırlıq da zehni yorğunluğun əsas səbəblərindəndir. Gün ərzində nəyi, hansı ardıcıllıqla oxuyacağını bilməyən şagird həm vaxt itirir, həm də beynini lazımsız şəkildə yükləyir. Məsələn, bir gün 10 saat fasiləsiz riyaziyyat işləyib, ertəsi gün ümumiyyətlə dərs oxumamaq məhsuldar hazırlıq sayılmır. Beyin sabit və sistemli rejimi daha yaxşı qəbul edir. Kiçik fasilələrlə planlı çalışma həm diqqəti qoruyur, həm də motivasiyanı artırır”.
P.Qədimova həmçinin vurğulayır ki, həddindən artıq stress, fiziki hərəkətsizlik və düzgün qidalanmamaq beynin fəaliyyətini zəiflədərək zehni yorğunluğu artırır:
“Həddindən artıq stress və özünü daim təzyiq altında hiss etmək də zehni performansı zəiflədir. Bəzi abituriyentlər özlərinə qarşı çox sərt davranır, bir səhv test nəticəsinə görə ümidsizliyə düşürlər. Halbuki yüksək stress zamanı beyində diqqət və yaddaşa cavabdeh olan funksiyalar zəifləyir. Şagird davamlı olaraq “çatdırmayacağam”, “uğursuz olacağam” düşüncəsi ilə yaşayanda öyrənmə prosesi daha da çətinləşir. İmtahan hazırlığında emosional balans ən az akademik hazırlıq qədər vacibdir.
Bundan başqa, fiziki hərəkətsizlik və düzgün qidalanmamaq da beynin fəaliyyətinə təsir edir. Saatlarla oturaq vəziyyətdə qalmaq qan dövranını zəiflədir, yorğunluğu artırır. Enerji içkiləri və həddindən artıq kofein qısa müddətli ayıqlıq yaratsa da, sonradan daha güclü yorğunluq və əsəbilik yaradır. Halbuki sadə gəzinti, yüngül idman, kifayət qədər su içmək və balanslı qidalanma diqqətin daha uzun müddət qorunmasına kömək edir”.
Təhsil ekspertinin sözlərinə görə, imtahan dövründə sabit yuxu, planlı hazırlıq, sosial şəbəkəyə məhdudiyyət və sağlam həyat tərzi zehni sağlamlığı qoruyaraq daha effektiv öyrənməyə və yüksək nəticəyə kömək edir:
“İmtahan dövründə şagirdlərin formalaşdırmalı olduğu əsas vərdişlər isə bunlardır:
– sabit yuxu rejimi;
– gündəlik və real dərs planı;
– telefon və sosial şəbəkə istifadəsinə vaxt limiti qoymaq;
– hər 40–50 dəqiqədən bir qısa fasilə vermək;
– qiymətləndirmə nəticələrini emosional deyil, analitik qiymətləndirmək;
– fiziki aktivliyi və istirahəti gündəlik rejimə daxil etmək;
– özünü başqaları ilə deyil, əvvəlki nəticələri ilə müqayisə etmək.
Unutmaq olmaz ki, imtahan hazırlığı yalnız çox oxumaq yarışı deyil, həm də zehni sağlamlığı qoruma prosesidir. Yorğun, stressli və yuxusuz beyin uzun müddət yüksək nəticə göstərə bilmir. Daha sağlam rejim, düzgün planlama və emosional balans isə həm öyrənməni asanlaşdırır, həm də şagirdin özünəinamını artırır”.
Cəmilə Cəfərzadə






