media-inshot_20260223_073720114

Bir çox insanın adi bir gecə səsi kimi qəbul etdiyi xorultu əslində ciddi sağlamlıq probleminin ilk əlaməti ola bilər. 

Patrul.az-ın araşdırmasına görə, bu hal “yuxu apnesi” kimi qiymətləndirilə bilər. Yuxu zamanı nəfəsin qısa müddətə dayanması ilə xarakterizə olunan yuxu apnesi vaxtında aşkarlanmadıqda ürək, beyin və ümumi həyat keyfiyyəti üçün ciddi risk yaradır. Əksər hallarda insanlar “çox yorğunam”, “yastıq rahat deyil” kimi bəhanələrlə bu vəziyyəti gözardı edir. Halbuki gecə boyu davam edən xorultu və tez-tez nəfəsin kəsilməsi bədənin verdiyi həyati xəbərdarlıq siqnalıdır. Bu, sadəcə səs-küy problemi deyil, orqanizmin oksigenlə təminatını pozan və zamanla ağır fəsadlara yol açan ciddi xəstəlikdir.

Xoruldama hər zaman yuxu apnesi demək olmasa da, daimi yorğunluq, səhər baş ağrısı, diqqət dağınıqlığı və gün ərzində halsızlıq bu problemin əsas göstəricilərindəndir.

Mütəxəssislər bildirirlər ki, yuxu apnesinin dəqiq diaqnozu yalnız xüsusi yuxu testləri vasitəsilə qoyula bilər. Gecə laboratoriya şəraitində aparılan müayinələr zamanı nəfəsalma, ürək döyüntüsü və oksigen səviyyəsi izlənilir. Müalicə isə xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq dəyişir. Yüngül və orta hallarda dərmanlar və həyat tərzi dəyişiklikləri tövsiyə olunur, bəzi xəstələrdə xüsusi maskalarla nəfəs dəstəyi tətbiq edilir, ağır vəziyyətlərdə isə cərrahi müdaxilə zəruri ola bilər. Hər bir xəstə üçün müalicə planı fərdi şəkildə hazırlanır.

Uşaqlarda yuxu apnesi böyüklərdən fərqli inkişaf etdiyinə görə müdaxilə yalnız müayinələrdən sonra müəyyənləşdirilir.

Araşdırmalar göstərir ki, bu xəstəliyin yaranmasında əsas risk faktorları çəki artımı və yaşın irəliləməsidir. Artıq çəki tənəffüs yollarının daralmasına səbəb olur, bu da gecə nəfəsin dayanma ehtimalını artırır.

Maraqlı məqamlardan biri də odur ki, yuxu apnesi olan şəxslər zamanla daha tez kökəlməyə meyilli olur və bu, xəstəliyin daha da ağırlaşmasına gətirib çıxarır.

Yuxu apnesi sağalmaz xəstəlik deyil, lakin erkən diaqnoz və düzgün müalicə həyati əhəmiyyət daşıyır. Gecə nəfəsin kəsilməsi, davamlı yorğunluq və keyfiyyətsiz yuxu halları ciddiyə alınmalı, vaxtında müayinədən keçilməlidir. Doğru müalicə sayəsində həm ürək, həm də beyin sağlamlığını qorumaq, eyni zamanda gündəlik həyat keyfiyyətini yüksəltmək mümkündür.


Bənzər xəbərlər