media-inshot_20251003_234251177

Keyfiyyətli yuxu gün ərzində insanın həm fiziki, həm də psixoloji sağlamlığının qorunmasında ən vacib amillərdən biridir. Bu səbəbdən bir çox insan yuxusunun daha rahat keçməsi üçün müxtəlif üsullara əl atır. Onlardan biri də gecə boyunca pəncərəni açıq saxlamaqdır. Bəs, doğrudanmı açıq pəncərə ilə yatmaq yuxunun keyfiyyətini artırır? Yoxsa bu vərdiş bəzi hallarda təhlükəli ola bilər?

Patrulaz.az-ın araşdırmasına görə, sağlam yuxu üçün otaq temperaturu 17-19 dərəcə arasında olmalıdır. Daha isti mühitdə melatonin istehsalı zəifləyir, bu isə yuxu rejiminin pozulmasına gətirib çıxarır.

Danimarkada aparılan bir araşdırma zamanı 40 yataq otağı müşahidə edilib. İki həftəlik təcrübədə iştirakçıların bir qismi pəncərə açıq, digərləri isə bağlı şəkildə yatıblar. Nəticədə açıq pəncərə ilə yatanların 87 faizi səhər özlərini daha dinamik hiss etdiklərini bildirib. Bağlı pəncərədə yatanlarda isə bu göstərici 70 faiz olub.

Araşdırmalar açıq havanın faydasını göstərsə də, mütəxəssislər xəbərdarlıq edir: hər şəraitdə pəncərəni açıq saxlamaq doğru deyil. Yay aylarında çöldən gələn rütubət, səs-küy və həşəratlar yuxunu poza bilər. Soyuq aylarda isə açıq pəncərə boğaz ağrısı və sinüzit riskini artırır. Allergiya və astma xəstələri üçün açıq pəncərə toz və polen səbəbilə daha təhlükəlidir. Bu səbəbdən həkimlər həmin kateqoriyaya aid insanlara yatağa girməzdən əvvəl otağı yaxşıca havalandırmağı, lakin yatarkən pəncərəni bağlamağı məsləhət görürlər.

Əgər yayda sakit və təmiz havalı bir ərazidə yaşayırsınızsa, pəncərəni açıq qoymaq yuxu keyfiyyətini artıra bilər. Lakin uşaqlar, yaşlılar və allergiyadan əziyyət çəkənlər üçün bağlı pəncərə daha təhlükəsiz hesab olunur. Sağlam və rahat yuxunun sirri otağın yaxşı havalandırılması və ideal temperaturun qorunmasındadır.


Bənzər xəbərlər