Gecələr qəfildən oyanırsınız? - Səbəb düşündüyünüzdən daha ciddi ola bilər
Gecə yarısı səbəbsiz yerə oyanmaq bir çox insan üçün adi hal kimi qəbul edilir. Əksər hallarda bu vəziyyət stress, nizamsız yuxu rejimi və ya gec saatlarda qida qəbulu ilə əlaqələndirilir. Lakin aparılan araşdırmalar göstərir ki, gecə tez-tez oyanmaların arxasında daha ciddi sağlamlıq problemi də dayana bilər.
Patrul.az-ın araşdırmasına görə, yuxu zamanı nəfəsin təkrar-təkrar dayanması və ya əhəmiyyətli dərəcədə azalması ilə xarakterizə olunan “obstruktiv yuxu apnesi” gecə boyunca insanın fərqinə varmadan dəfələrlə oyanmasına səbəb olur. Bu zaman qanda oksigen səviyyəsi azalır və orqanizm özünü qorumaq üçün yuxunu pozur.
Araşdırmalara görə, bu xəstəlikdən əziyyət çəkən şəxslərin böyük bir qismi problemin fərqində olmur. Lakin “obstruktiv yuxu apnesi” yalnız yuxu keyfiyyətini aşağı salmaqla kifayətlənmir, uzunmüddətli dövrdə ciddi sağlamlıq riskləri də yaradır.
Mütəxəssislərin sözlərinə görə, xəstəlik adətən yüksək səslə xoruldama, gecə nəfəs almaqda çətinlik, qəfil oyanmalar və səhərlər yorğunluq hissi ilə özünü büruzə verir. Gündüz saatlarında isə həddindən artıq yuxululuq, diqqətin dağılması və baş ağrıları ən çox rast gəlinən şikayətlər sırasındadır.
Müalicə olunmadığı təqdirdə “obstruktiv yuxu apnesi” hipertoniya, ürək-damar xəstəlikləri, insult, diabet riskini artırmaqla yanaşı, yol-nəqliyyat hadisələrinin başvermə ehtimalını da yüksəldə bilər. Piylənmə, qalın boyun çevrəsi, siqaret və spirtli içki istifadəsi, eləcə də genetik faktorlar risk qrupuna daxil olan əsas amillər hesab olunur.
Bu xəstəliyin diaqnozu xüsusi yuxu testi – “polisomnoqrafiya” vasitəsilə qoyulur. Müalicə isə problemin ağırlıq dərəcəsindən asılı olaraq fərqli şəkildə planlaşdırılır. Yüngül hallarda həyat tərzi dəyişiklikləri tövsiyə edilir, orta və ağır hallarda isə xüsusi nəfəs cihazları (CPAP), ağız daxili aparatları və bəzi hallarda cərrahi müdaxilə tətbiq oluna bilər.
Mütəxəssislər davamlı xorultu, gecə nəfəs fasilələri və gündüz saatlarında həddindən artıq yuxululuq yaşayan şəxslərə laqeyd qalmamağı və mütləq ixtisaslaşmış həkimə müraciət etməyi tövsiyə edirlər. Erkən diaqnoz və düzgün müalicə həm həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır, həm də gələcəkdə yarana biləcək ciddi sağlamlıq problemlərinin qarşısını alır.






