"Gələcəkdə həşərat un və protein tozu formasında süfrələrə daxil olacaq" - Qida eksperti
Son illərdə qlobal əhali sürətlə artdığı üçün qida təhlükəsizliyi və ekoloji dayanıqlılıq məsələləri ön plana çıxır. Ənənəvi heyvandarlıqla təmin olunan protein ehtiyatları artıq planetimizin sərhədlərini aşır, buna görə də alternativ qida mənbələri laboratoriya şəraitində yetişdirilən ət və ya həşərat zülalları getdikcə diqqət mərkəzinə gəlir.
Maraqlıdır ki, insanlar süfrələrində laboratoriya ətinə və ya həşərat zülalına keçməyə hazırdır?
Bu barədə Qida eksperti Fərid Səfərov Patrul.az-a açıqlamasında bildirib ki, gələcəkdə insanların bununla bağlı baxış və düşüncə tərzində ciddi dəyişikliklər baş verəcək:
“Dünya əhalisinin artımı fonunda alternativ zülal mənbələri qaçılmaz görünür. Laboratoriya əti bioloji baxımdan klassik ətə yaxındır və gələcəkdə təhlükəsizlik standartları tam formalaşdıqca sağlamlıq riski azalacaq. Psixoloji tərəfdən isə “süni ət” anlayışı hələ də bir çox insanda tərəddüd yaradır, amma yeni nəsillər və ekoloji düşüncə bu baryeri tədricən zəiflədə bilər”.

Ekspert həşərat zülalının bioloji baxımdan səmərəli olduğunu qeyd etsə də, psixoloji amilin əsas maneə olaraq qaldığını istisna etmir:
“Həşərat zülalı isə bioloji olaraq səmərəlidir: yüksək zülal, az su və torpaq tələbi. Lakin burada əsas maneə psixolojidir. Bir çox mədəniyyətdə həşərat yemək iyrənc qəbul edilir. Buna görə də 20 il sonra həşəratın özündən çox, ondan hazırlanan un, protein tozu, qatqı formasında məhsulları süfrəmizdə görmək daha realdır. Nəticə olaraq, bioloji baxımdan hazır olacağıq, psixoloji uyğunlaşma isə tədricən və fərqli cəmiyyətlərdə fərqli sürətlə baş verəcək. 20 il sonra bu məhsullar alternativ yox, bəzi ölkələrdə artıq normal seçim ola bilər.
Sağlam qidalanaraq sağlam yaşayın!”.
Cəmilə Cəfərzadə






