Gəncədə antisanitariya üfunət saçır – Sakinlər konteynerlərin köçürülməsini tələb edir - VİDEO
Gəncə şəhəri, Atatürk prospekti 253 ünvanında yerləşən yaşayış binasının yaxınlığındakı çöp konteynerlərinin ətrafında antisanitar vəziyyət yaranıb.
Patrulaz.az-a daxil olan görüntülərdə konteynerlərdən daşan zibillər ətrafa yayılıb. Torbalarda yığılan məişət tullantıları konteynerlərin yanına atılıb, qida qalıqları və tullantı suları isə yerə axaraq pis qoxunun yaranmasına səbəb olub.
Sakinlərin sözlərinə görə, konteynerlər sonradan binaya yaxın əraziyə yerləşdirilib. Bu da vəziyyəti daha da ağırlaşdırıb. Onlar qeyd edirlər ki, yay aylarında konteynerlərdən yayılan üfunət və natəmizlik səbəbindən yaşamaq çətinləşib.
Əraziyə yaxın olan Gəncə Şəhər İcra Hakimiyyətinin binasının bir addımlığında belə bir mənzərənin mövcud olması isə narazılığı daha da artırır. Sakinlər aidiyyəti qurumlardan konteynerlərin başqa əraziyə köçürülməsini və ərazidə təmizlik işlərinin aparılmasını xahiş edirlər.
Gülbəniz Səfərova