Gəncədə hər addımda elektrik riski - Sakinlər narahatdır - VİDEO
Gəncə şəhərində 20 Yanvar abidəsinin yerləşdiyi ərazidə yol kənarında quraşdırılmış işıq dirəklərindəki faza və elektrik kabellərinin açıq vəziyyətdə olması əhalinin narahatlığına səbəb olub.
Patrulaz.az-a daxil olan məlumata və təqdim olunan video-kadrlara əsasən, dirəklərdəki naqillərin açıq şəkildə qalması, xüsusilə gecə saatlarında ciddi təhlükə yaradır. Şikayətçi vətəndaş bildirir ki, bu vəziyyət azyaşlılar üçün həyati risk daşıyır:
“Balaca uşaqların ağlı kəsmir. Onlar təsadüfən əl vursa, partlayış baş verə bilər. Bütün işıq dirəkləri eyni vəziyyətdədir. Fazalar açıqda qalıb, heç bir izolyasiya tədbiri görülməyib”, – deyə sakin vurğulayıb.
Vətəndaş qeyd edir ki, sözügedən ərazidən məktəbə gedib-gələn şagirdlər də istifadə edir. Bu isə problemin miqyasını daha da artırır. Uşaqların və digər piyadaların hər gün keçdiyi bu yol boyu yerləşən təhlükəli elektrik dirəkləri istənilən an faciəyə səbəb ola bilər.
Gəncə sakinləri təhlükə saçan işıq dirəkləri ilə bağlı məsul qurumlardan dərhal tədbir görülməsini istəyirlər. Onlar problemin aradan qaldırılması üçün operativ reaksiya göstərilməsini və insanların, xüsusən də uşaqların təhlükəsizliyini n təmin olunmasını xahiş edirlər.
Gülbəniz Səfərova






