media-inshot_20250730_121809648

Zənglərə cavab verilmir, mesajlar cavabsız qalır, sosial mediada izləmə dayandırılır… Bütün bunlar səbəbsiz və qəfil olur. Son illərin ən yayılmış münasibət pozma üsullarından biri olan “ghosting”, yalnız romantik münasibətlərdə yox, dostluq və iş əlaqələrində də getdikcə geniş yayılır. Bəs niyə insanlar belə qəfil şəkildə yox olmağa üstünlük verirlər? Bunun arxasında hansı psixoloji səbəblər dayanır?

Patrulaz.az “ghosting” fenomeninin geniş izahını təqdim edir:

“Ghosting” nədir?

“Ghosting”, yəni “ruh kimi yox olmaq” bir insanın əlaqədə olduğu şəxsə izah vermədən, bir xəbərdarlıq etmədən birdən-birə ünsiyyəti tamamilə kəsməsidir. Burada əsas xüsusiyyət tam susqunluqdur: heç bir açıqlama, səbəb, ya da “əlvida” mesajı belə yoxdur. Bu davranış təkcə romantik münasibətlərdə deyil, həm də dostlar, iş partnyorları və hətta ailə üzvləri arasında da baş verir.

Niyə insanlar birdən yoxa çıxır?

Ünsiyyətdən qaçmaq psixologiyası

Psixoloqların fikrincə, ghosting edən insanların bir qismi emosional yetkinlikdən uzaq şəxslərdir. Bu insanlar konfliktlərlə, gərgin söhbətlərlə üz-üzə qalmaqdan qorxur və sadəcə vəziyyətdən qaçmağı seçirlər.

Qorxu və narahatlıq pozuntuları

Bəzi hallarda bu davranış anksiyete pozuntusu, yəni sosial narahatlıqla əlaqələndirilir. İnsan, qarşı tərəfin emosional reaksiyasından qorxduğu üçün yox olmağı seçir.

İtirmə qorxusu əvəzinə, nəzarəti əlində saxlamaq istəyi

Maraqlıdır ki, ghosting edən insanlar çox zaman tərk edilməkdən qorxanlardır. Lakin bu qorxunu hiss etdikdə, tərk edən olmaq, yəni nəzarəti öz əllərində saxlamaq onlara daha rahat gəlir.

Sosial media və seçim bolluğu

Tədqiqatlar göstərir ki, “ghosting” sosial şəbəkələrdə tanış olmuş insanlar arasında daha tez-tez baş verir. Hər kəsin “əlinin altında” sonsuz qədər insan alternativi var. Beləliklə, münasibətin dərinləşməsi yerinə, onu kəsmək və yenisinə keçmək asan görünür.

Ghosting-in psixoloji təsirləri

Ghosting davranışı zərərsiz görünsə də, qarşı tərəfdə psixoloji travmalar yarada bilər. Psixoloq Jennice Vilhauer bu fenomeni belə izah edir:

“Qəfil yox olmaq insan beynində natamamlıq yaradır. Cavab tapmayan suallar şəxsiyyətə şübhə doğura, özünə inamı zədələyə bilər”.

Ghosting, xüsusilə özünəgüvən problemi yaşayan fərdlərdə, dəyərsizlik hissi və emosional narahatlıq kimi uzunmüddətli təsirlərə səbəb ola bilər. İnsan nəyin səhv getdiyini anlamadığı üçün, çox zaman günahı özündə axtarmağa başlayır.

Bəs çıxış yolu nədir?

• Aydınlıq axtarışı: Əgər ghosting-ə məruz qalmısınızsa, ilk öncə bunun sizin dəyərinizlə bağlı olmadığını başa düşün. Hər kəs duyğusal məsuliyyət daşımağı bacarmır.

• Açıq danışmaq mədəniyyəti: Qarşılıqlı ünsiyyətə əsaslanan münasibətlərin inkişafı üçün insanların bir-birinə dürüst yanaşması vacibdir.

• Rəqəmsal ədəb qaydaları: Yeni dövrə uyğun olaraq, əlaqələri kəsməyin də mədəni bir yolu olmalıdır. Sadə bir izah, qısa bir vida mesajı belə qarşı tərəfin emosional yükünü azalda bilər.

Son olaraq, “ghosting” sadəcə bir yoxa çıxma aktı deyil, qarşı tərəfə susqunluqla verilmiş ağır bir cavabdır. Bu fenomen müasir münasibətlərdə empatiya və məsuliyyət anlayışının zəiflədiyini göstərir. Əslində isə “münasibəti bitirmək” heç də çətin deyil, çətin olan bunu hörmətlə və anlayışla etməkdir.

Ləman Sərraf


Bənzər xəbərlər