Gizli kamera tələsi: Kiberdələduzlar vətəndaşların ‘WhatsApp’ hesablarını necə ələ keçirir?
Sosial şəbəkələrdə gizli kameraların, GPS-lərin reklamı və satışı geniş yayılıb. Müxtəlif əşyalar formasında satılan bu cihazlar vasitəsilə kiberdələduzluq halları da həyata keçirilir. Belə ki satış zamanı müştəriyə göndərilən kod vasitəsilə onun “Whatsapp”ı ələ keçirilir.
Bu cür fırıldaqçılıq hallarına qarşı hansı addımlar atılmalıdır?
İT mütəxəssisi Elvin Abbasov mövzu ilə bağlı Patrul.az-a açıqlamasında bildirib ki, sosial şəbəkələrdə gizli kameraların və izləmə cihazlarının satışı bəhanəsi ilə həyata keçirilən kiberdələduzluq ssenariləri birbaşa “sosial mühəndislik” metodlarına söykənir:
“Dələduzlar cihazın aktivləşdirilməsi və ya xüsusi tətbiqin quraşdırılması adı altında vətəndaşlara şifrələnmiş linklər göndərir və ya onların telefonuna gələn təsdiq kodunu tələb edirlər. Bu kod əslində “WhatsApp” hesabının başqa bir cihazda aktivləşdirilməsi üçün lazımdır. Hesab ələ keçirildikdən sonra fırıldaqçılar sizin adınızdan yaxınlarınıza mesajlar yazaraq “təcili pul” tələb edir, həmçinin şəxsi yazışmalarınızı əldə edərək şantaj məqsədilə istifadə edə bilirlər”.

Mütəxəssis qeyd edib ki, bu növ hücumlardan qorunmaq üçün ilk növbədə “WhatsApp” tətbiqində iki-mərhələli doğrulama sistemini aktivləşdirmək və 6 rəqəmli xüsusi PİN kod təyin etmək mütləqdir:
“Bu halda, kimsə sizin SMS kodunuzu ələ keçirsə belə, həmin PİN kodu bilmədən hesabınıza daxil ola bilməyəcək. Həmçinin, satıcılar tərəfindən göndərilən naməlum “.apk” formatlı faylları və proqramları heç vaxt telefonunuza yükləməyin. Unutmayın ki, Azərbaycanda gizli texniki vasitələrin satışı qanunla qadağandır; bu cür hallarla qarşılaşdıqda dərhal hüquq-mühafizə orqanlarına müraciət etmək və şübhəli fəaliyyətləri kibercinayətkarlıqla mübarizə qurumlarına bildirmək lazımdır”.
Ləman Sərraf






