Günlərdir davam edən problem: Qış parkındakı keçidə niyə baxan yoxdur? - VİDEO
Patrul.az redaksiyasına daxil olan müraciətdə vətəndaşlar Nəsimi rayonu ərazisində, Qış parkında yerləşən yeraltı piyada keçidində yaranmış problemdən narazılıqlarını bildiriblər.
Redaksiyamıza göndərilən videogörüntülərdən aydın olur ki, keçidin tavan hissəsindən axan su birbaşa piyadaların üzərinə tökülür. İddialara görə, problem artıq bir neçə gündür davam edir və bu müddət ərzində hər hansı tədbirin görülmədiyi bildirilir.
Görüntülərdə piyada keçidindən istifadə edən şəxslərin islanmamaq üçün müxtəlif yollar axtardıqları, bəzi hallarda isə suyun altından keçmək məcburiyyətində qaldıqları müşahidə olunur. Bu vəziyyət xüsusilə yaşlı insanlar, uşaqlar və hərəkət məhdudiyyətli şəxslər üçün əlavə çətinlik yaradır.
Maraq doğuran məqamlardan biri isə problemin günlərdir davam etməsinə baxmayaraq aradan qaldırılmamasıdır. Sözügedən yeraltı keçidin saxlanılması və təmirinə hansı qurumun cavabdeh olduğu sual doğurur. Görəsən, şəhərin mərkəzində yerləşən və minlərlə insanın istifadə etdiyi bu ərazidə yaranmış problem aidiyyəti qurumların diqqətindən necə kənarda qalıb?
Ümid edirik ki, məsələ ilə bağlı aidiyyəti qurumlar araşdırma aparacaq və piyadaların təhlükəsiz və rahat hərəkətinin təmin olunması üçün zəruri tədbirlər görüləcək.






