media-img_6881

Bu gün 15 İyun – Milli Qurtuluş Günüdür. Bu əlamətdar tarix müasir Azərbaycan dövlətçiliyinin xilası, ölkədə dərin ictimai-siyasi böhranın aradan qaldırılması və müstəqilliyin qorunub saxlanması rəmzidir.

Bu günün əhəmiyyəti ilə bağlı Milli Məclisin deputatı Könül Nurullayeva Patrul.az-a şərh edib.

Deputatqeyd edib ki, 15 İyun – Milli Qurtuluş Günü Azərbaycanın müasir dövlətçilik tarixində xüsusi yer tutur:

“Bu tarix xalqımızın taleyini dəyişən, dövlət müstəqilliyini qoruyub saxlayan və ölkəni inkişaf yoluna çıxaran dönüş nöqtəsidir. Bu tarix dövlətçiliyin məhv olmaq təhlükəsindən xilas edilməsinin simvoludur.

1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan mürəkkəb və ziddiyyətli bir dövrə qədəm qoymuşdu. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımız işğal edilir, ölkədə sosial-iqtisadi böhran dərinləşir, dövlət institutları isə yeni şəraitdə fəaliyyət göstərməkdə çətinlik çəkirdi. Belə bir zamanda ölkəyə peşəkar idarəçilik, milli maraqlara söykənən siyasət və güclü liderlik lazım idi.

Təəssüf ki, 1992–1993-cü illərdə hakimiyyətdə olan AXC-Müsavat cütlüyü üzərinə düşən tarixi məsuliyyəti yerinə yetirə bilmədi. Dövlət idarəçiliyində yol verilən ciddi səhvlər, hakimiyyət daxilindəki qarşıdurmalar, orduda vahid komandanlığın olmaması və iqtisadi tənəzzül ölkəni dərin böhran vəziyyətinə sürüklədi. Dövlətçiliyin dayaqları zəifləyir, ölkə faktiki olaraq idarəolunmaz hala gəlirdi”.

media-img-20260615-wa0017

Millət vəkili xatırladıb ki, həmin dönəmdə cəbhədə vəziyyət getdikcə ağırlaşır, strateji ərazilər bir-birinin ardınca itirilirdi:

“Daxildə isə müxtəlif silahlı qrupların fəallaşması və mərkəzi hakimiyyətə tabe olmaması ölkədə anarxiyanı daha da gücləndirirdi. 1993-cü ilin iyununda baş verən Gəncə hadisələri Azərbaycanın vətəndaş qarşıdurması və parçalanma təhlükəsi ilə üz-üzə qaldığını açıq şəkildə göstərdi. Ayrı-ayrı bölgələrdə separatçı meyillərin güclənməsi dövlətin gələcəyi ilə bağlı ciddi narahatlıqlar yaradırdı.

Məhz belə bir taleyüklü məqamda xalqın diqqəti və ümidi böyük dövlət xadimi Heydər Əliyevə yönəldi. Azərbaycanın xilası naminə Bakıya dəvət olunan Heydər Əliyevin 1993-cü il iyunun 15-də Ali Sovetin sədri seçilməsi ölkənin siyasi həyatında yeni mərhələnin başlanğıcı oldu. Sonrakı hadisələr göstərdi ki, bu qərar Azərbaycanın gələcəyini müəyyənləşdirən tarixi seçim idi”.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ilk növbədə ölkədə sabitliyin təmin olunmasına başlanıldığını vurğulayan K.Nurullayeva əlavə edib:

“Vətəndaş qarşıdurmasının, dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, dövlət idarəçiliyi sistemi bərpa edildi. Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artmağa başladı, ölkənin milli maraqlarına əsaslanan xarici siyasət kursu formalaşdırıldı.

Qısa müddət ərzində ictimai-siyasi sabitlik bərqərar edildi, iqtisadi islahatlara start verildi və inkişafın möhkəm təməli yaradıldı. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi tarixində yeni mərhələnin əsasını qoydu, ölkənin beynəlxalq enerji bazarındakı rolunu əhəmiyyətli dərəcədə artırdı.

Milli Qurtuluşdan başlanan inkişaf strategiyası sonrakı illərdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Azərbaycanın iqtisadi gücü və beynəlxalq nüfuzu artdı, müasir ordu quruculuğu həyata keçirildi. Nəticədə 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər işğala son qoydu, 2023-cü ildə isə ölkənin bütün ərazisində dövlət suverenliyi tam bərpa edildi”.

“Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Milli Qurtuluşdan başlayan dövlətçilik yolunun uğurlu nəticələrini nümayiş etdirir. Vaxtilə dağıdılmış şəhər və kəndlər yenidən qurulur, keçmiş məcburi köçkünlər doğma torpaqlarına qayıdırlar.

Tarixin gedişatı bir daha sübut etdi ki, 15 İyun 1993-cü ildə qəbul edilən qərar Azərbaycanın dövlətçilik taleyini müəyyənləşdirən ən mühüm seçimlərdən biri olub. Həmin günün yaratdığı siyasi sabitlik və strateji inkişaf xətti ölkəmizi dərin böhrandan güclü dövlətə, işğal faktı ilə üzləşən ölkədən ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş qalib Azərbaycana çevirdi. 15 iyun Milli Qurtuluş Günü Azərbaycan xalqının dövlətçilik iradəsinin, milli birliyinin və müstəqilliyə sadiqliyinin təntənəsi kimi daim yaddaşlarda yaşayacaq”,- deyə o, sözlərini yekunlaşdırıb.

Ləman Sərraf


Bənzər xəbərlər