media-inshot_20251103_204522466

Hamiləlik bədəni tamamilə yeni ritmə salır – hormonlar, eyni zamanda orqanlar yerini dəyişir, hətta sadə bir qidalanma vərdişi belə fərqli təsir göstərə bilir. Bu dəyişikliklərin ən çox hiss olunanlarından biri də qəbizlikdir. Demək olar ki, hər iki hamilə qadından biri bu narahatlığı yaşayır.

Bəs niyə belə olur?

Patrulaz.az-ın məlumatına görə, bunun bir neçə səbəbi ola bilər:

1. Hormon dəyişiklikləri

Hamiləlik zamanı bədəndə progesteron hormonu artır. Bu hormon uşaqlığın əzələlərini yumşaldaraq körpənin inkişafına şərait yaradır, amma eyni zamanda bağırsaq hərəkətlərini də yavaşladır. Nəticədə qidalar bağırsaqda daha uzun qalır, bu da qəbzlik yaradır.

2. Böyüyən uşaqlığın təzyiqi

Körpə böyüdükcə uşaqlıq bağırsaqlara təzyiq göstərir. Bu təzyiq, xüsusilə son trimestrdə, bağırsağın normal fəaliyyətini çətinləşdirə bilər.

3. Az hərəkətlilik

Hamiləliyin sonrakı aylarında qadınlar adətən daha az hərəkət edir. Hərəkətsizlik isə bağırsaq fəaliyyətinin ləngiməsinə səbəb olur.

4. Dəmir tərkibli vitaminlər

Bir çox hamilə qadınlara təyin edilən dəmir əlavələri qan üçün vacib olsa da, qəbzliyi artıran əsas amillərdəndir.

5. Qidalanma vərdişləri və su azlığı

Su qəbulunun azlığı və lifli qidaların (meyvə, tərəvəz, dənli məhsullar) çatışmazlığı da prosesi ağırlaşdırır.

Nə etmək olar?

Hamiləlikdə qəbizlik normal sayılır, amma irəli səviyyədə olmamalıdır. Bol su içmək, hər gün az da olsa hərəkət etmək və liflə zəngin qidalarla qidalanmaq vəziyyəti xeyli yüngülləşdirə bilər. Hər halda, dərman və ya əlavələrə başlamazdan əvvəl həkimlə məsləhətləşmək vacibdir.

Ləman Əlizadə


Bənzər xəbərlər