Hansı daha sərfəlidir: manatı dollara çevirmək, yoxsa əksinə? – İQTİSADÇI AÇIQLADI
Hazırda dünyada böyük güclər arasında baş verən qarşıdurmalar enerji qiymətlərindən tutmuş kapital axınlarına qədər bir çox sahədə qeyri-müəyyənlik yaradır. Bu proseslər fonunda inkişaf etməkdə olan ölkələrin milli valyutaları da təzyiq altında qala bilər.
Bəs biz manatı dollara çevirməliyik, yoxsa əksinə daha sərfəli olar?
Patrul.az mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirlinin fikirlərini öyrənib.
Hazırkı vəziyyətdə “hamını dollara keçirmək lazımdır” deməyin düzgün yanaşma olmadığını söyləyən iqtisadçı risklərin artdığını qeyd edib:
“Qlobal gərginliklər adətən investorları daha təhlükəsiz hesab olunan valyutalara yönəldir və bu zaman ABŞ dolları güclənə bilər. Bu da inkişaf etməkdə olan ölkələrin valyutalarına, o cümlədən Azərbaycan manatına təzyiq yarada bilər.
Amma Azərbaycanın vəziyyəti bir qədər fərqlidir. Ölkənin əsas gəliri neft və qazdan gəldiyi üçün enerji qiymətlərinin artması əksinə, manatı dəstəkləyə bilər. Yəni əgər neft bahalaşırsa, bu, manata əlavə valyuta axını deməkdir və kəskin ucuzlaşma riskini azaldır”.
A. Nəsirli digər tərəfdən, manatın tam sərbəst üzən valyuta olmadığını bildirib:
“Məzənnə daha çox dövlət tərəfindən idarə olunur. Bu da qısa müddətdə kəskin dəyişiklik ehtimalını aşağı salır.
Ona görə ən rasional yanaşma bütün pulu bir valyutada saxlamaq deyil. Əgər riskdən qaçmaq istəyirsinizsə, vəsaiti bölmək daha məntiqlidir: bir hissəsi manat, bir hissəsi dollar. Bu, həm mümkün devalvasiya riskindən qoruyur, həm də manatın sabit qalacağı halda zərər etməməyə imkan verir.
Qısaca desək, hazırkı şəraitdə tam şəkildə dollara keçmək məcburi deyil, amma müəyyən hissəni dollarda saxlamaq daha təhlükəsiz balans yaradır”.
Ləman Sərraf






