media-inshot_20251212_093042651

Saqqız elə bir şeydir ki, ondan zəhərlənməyin mümkün olduğu heç ağlımıza da gəlmir. Amma əlbəttə ki, mümkündür. Ötən gün məktəblilərin zəhərlənmə hadisəsi bunun sübutu idi.

Bəs hansı hallarda saqqızdan zəhərlənmək mümkündür?

Patrul.az-ın araşdırmasına görə, hər nə qədər zərərsiz bir vərdiş kimi görünsə də, bəzi hallarda saqqız orqanizmə gözlənilməz şəkildə mənfi təsir göstərə bilər.

Ən çox rast gəlinən risk süni şirinləşdirici maddələrlə bağlıdır. Xüsusilə də ksilitol adlı maddə… Normalda insana zərəri yoxdur, amma həddindən artıq qəbul edildikdə mədə-bağırsaq sistemini alt-üst edir. Yəni bir-iki saqqızla heç nə olmaz, amma ardıcıl bir neçə dənə çeynəyib udma vərdişin varsa, onda artıq narahat vəziyyətlər qaçılmaz ola bilər. Hətta bəzən elə olur ki, adamın qarnı elə gurultu salır ki, elə bil içəridə təmir gedir.

Digər risk saqqızı udmaqdır. Bəli, uşaqlıqdan hamımıza deyiblər ki, saqqız məniyyə yapışar, boğazda qalar, yeddi il həzm olunmaz. Bunlar mifdir, amma saqqızı udmaq yenə də problem yarada bilər. Xüsusilə də uşaqlarda bağırsaqlarda tıxanma riski var. Yəni “udsam da bir şey olmaz” deməməlisiniz.

Bəs zəhərlənmə olarsa, necə hiss edilir? 

İlk növbədə mədə ağrısı, köp, ishal, ürəkbulanma və başgicəllənmə kimi əlamətlər üzə çıxır. Bəzən şəkərli diabet xəstələri süni şirinləşdiricilərə daha həssas olur və qan şəkərinin düşməsi (hipoqlikemiya) kimi hal da yarana bilər. Üstəlik, aromatizatorlara və rəngləndiricilərə qarşı allergiyası olanlarda ağızda yanma, dodaqlarda şişkinlik və səpgi də müşahidə oluna bilər.

Nəticə olaraq, saqqız təhlükəli məhsul deyil, amma “hər şeyin həddi var” prinsipi bu məhaulda da keçir. Normal miqdarda çeynəsəniz, udmasanız, dalbadal beş-altı dənə yeməsəniz və allergiyanız varsa, tərkibinə bir göz gəzdirsəniz, problem yaranmaz.

Bir sözlə, saqqız çeynəməkdə problem yoxdur, amma ehtiyatsızlıq edəndə ən sadə şey belə başağrısına çevrilə bilər.

Ləman Sərraf


Bənzər xəbərlər