Hansı meyvələri birlikdə yemək olmaz?
Meyvələr sağlam qidalanmanın ayrılmaz hissəsidir, amma onları düzgün şəkildə yemək ən az seçdiyimiz meyvə qədər önəmlidir.
Patrulaz.az-ın araşdırmasına görə, bəzi meyvələrin bir yerdə yeyilməsi orqanizmdə fayda əvəzinə narahatlıq yarada bilər. Çünki fərqli meyvələrin tərkibində olan turşular, şəkərlər və fermentlər bir-biri ilə uyğun gəlmir, nəticədə mədə turşuluğu, köp və həzm pozğunluğu meydana çıxır.
Məsələn, turş və şirin meyvələrin birlikdə yeyilməsi düzgün deyil. Portağal, kivi, nar kimi turş meyvələr mədə turşuluğunu artırır, banan, xurma və manqo kimi şirin meyvələr isə həzmi ləngidir. Onlar birlikdə qəbul ediləndə mədədə qarışıqlıq yaranır və orqanizm onları parçalamaqda çətinlik çəkir.
Eyni qayda qarpız üçün də keçərlidir. Qarpız çox tez həzm olunan meyvədir, buna görə də onu başqa meyvələrlə birlikdə yemək qaz və qıcqırma yarada bilər. Ən yaxşısı, qarpızı tək və aralıq vaxtlarda yeməkdir.
Süd və turş meyvə qarışıqları da risklidir. Süd neytral qida olduğu üçün portağal, ananas və kivi kimi turş meyvələrlə qarışdıqda mədədə laxtalanma və ağır həzmə səbəb ola bilər. Bu səbəbdən “milkshake” və ya kokteyl hazırlayarkən bu cür meyvələrdən uzaq durmaq tövsiyə olunur.
Hətta çox zərərsiz görünən alma və kök birlikdə yeyildikdə bəzən mədədə qaz və köp əmələ gətirir. Hər iki qida faydalı olsa da, onları ayrı vaxtlarda yemək daha məqsədəuyğundur.
Nəticə olaraq, meyvələr ayrıca yeyildikdə daha faydalıdır, xüsusilə yeməkdən 1 saat əvvəl və ya sonra. Qidalanmada sadəlik bəzən ən ağıllı seçim olur.
Ləman Sərraf






