Gəncədə havaya qara tüstü buraxan ultizasiya zavodu deyilmiş - RƏSMİ MƏLUMAT
Xəbər verdiyimiz kimi, Gəncə şəhəri, Poçt qəsəbəsi, Vüsət Əliyev küçəsində qanunsuz fəaliyyət göstərdiyi iddia olunan ultizasiya zavodunun havaya çirkli tüstü buraxdığı, bununla da sakinlərin nəfəs almasını çətinləşdirdiyi ilə bağlı məlumat yaymışdıq.
Patrul.az Poçt qəsəbəsi sakinlərinin şikayətləri əsasında Gəncə Şəhər İcra Hakimiyyətinə sözügedən zavodun ziyanverici fəaliyyətinin araşdırılması üzrə sorğu ünvanlayıb.
İcra Hakimiyyətindən verilən cavabda bildirilib ki, hazırda fəaliyyət göstərən ultizasiya zavodundan verilən açıqlama və ərazidə aparılan baxış nəticəsində tüstünün sözügedən zavoddan çıxmadığı müəyyən olunub.
Eyni zamanda, İcra Hakimiyyəti onun yanında yerləşən digər metal əritmə sexinin də hazırda işlək vəziyyətdə olmadığını açıqlayıb:
“Aparılan araşdırma zamanı fakt öz təsdiqini tapmamış, sözügedən müəssisənin hazırda fəaliyyət göstərmədiyi müəyyən olunmuşdur”, – deyə qeyd olunub.
Beləliklə, redaksiyamıza daxil olan və məhəlləni tamamilə duman altında göstərən metal əritmə zavodunun videogörüntülərinin köhnə kadrlardan ibarət olduğu qənaətinə gəlmək olar.
Gülbəniz Səfərova






