media-inshot_20260330_145947938

Son illərdə sürətli həyat tərzi insanların qida seçimlərinə də təsir edib. Mağazalarda geniş yayılmış hazır yeməklər, yarımfabrikatlar və müxtəlif qəlyanaltılar rahatlığı ilə seçilsə də, mütəxəssislər bu məhsulların tez-tez istifadəsinin sağlamlıq üçün riskli olduğunu bildirir.

Patrul.az xəbər verir ki, sağlam qida mütəxəssisləri qeyd edirlər ki, xüsusilə ultraemal olunmuş məhsullar – şirin içkilər, çipslər, kolbasalar, hazır səhər yeməkləri və mağaza şirniyyatları orqanizmə mənfi təsir göstərə bilər. Bu məhsullar adətən, ev şəraitində istifadə olunmayan çoxsaylı qatqılar və süni komponentlərlə hazırlanır. Əsas problem təkcə hansısa bir zərərli maddədə deyil, məhsulun ümumi quruluşundadır. Belə qidalar xüsusi olaraq daha dadlı, uzunömürlü və rahat istehlak edilə biləcək formada hazırlanır. Nəticədə isə insan onları daha tez və çox miqdarda istehlak edir.

Bununla yanaşı, mütəxəssislər vurğulayırlar ki, hər cür emal olunmuş qida zərərli sayılmır. Məsələn, dondurulmuş tərəvəzlər, pasterizə olunmuş süd və təbii qatıq kimi məhsullar daha təhlükəsiz seçimlər hesab olunur. Əsas məsələ qidanın emal səviyyəsi və onun rasionda nə qədər yer tutmasıdır. Şəkər, duz və doymuş yağlarla zəngin məhsulların çoxluğu piylənmə, 2-ci tip diabet və ürək-damar xəstəlikləri riskini artırır. Bundan əlavə, belə qidaların psixoemosional vəziyyətə də mənfi təsir göstərə biləcəyi qeyd olunur. Mütəxəssislər hazır qidaları tamamilə rasiondan çıxarmağın vacib olmadığını bildirir. Əsas tövsiyə onların payını azaltmaq və daha sadə tərkibli alternativlərə üstünlük verməkdir. Sağlam qidalanma sərt qadağalardan deyil, daha şüurlu seçimlərdən başlayır. Supermarketdə məhsul seçərkən tərkibinə diqqət yetirmək və daha az emal olunmuş variantlara üstünlük vermək uzunmüddətli sağlamlıq üçün ən düzgün yanaşmadır.

Aynur Nadirqızı


Bənzər xəbərlər