media-inshot_20260319_211447327

Bu gün Ağ Evdə ABŞ Prezidenti Donald Trampla Yaponiyanın baş naziri Sen Takaiçi arasında görüş baş tutub.

Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, görüş çərçivəsində keçirilən mətbuat konfransında tərəflər ABŞ-nin İranla müharibəsini və Tehranın regional ölkələrə endirdiyi zərbələri müzakirə ediblər.

ABŞ Prezidenti Donald Tramp konfrans zamanı İranla müharibəni tezliklə bitirəcəyini bildirib:

“Lazım olan hər şeyi edəcəyik. Heç bir qüvvə yerləşdirməyəcəyik. İranın təsirinin daha şiddətli olacağını gözləyirdim, amma tezliklə bitəcək. Biz onların donanmasını məhv etdik, hər şeyi məhv etdik – rəhbərliyi, donanmanı, hava qüvvələrini”.

Tramp Xark adasını da ələ keçirə biləcəklərini qeyd edib:

“Onlar yeni bir lider təyin etdilər və o, öldürüldü. İstəsək, Xark adasını ala bilərik. Borulardan başqa hər şeyi məhv etdik. Nəzərdə tutduğumuz plandan daha irəlidəyik. Heç bir prezidentin cəsarət edə bilməyəcəyi bir şeyi etdik”, – deyə o, vurğulayıb.

Görüş çərçivəsində Yaponiyanın baş naziri Sen Takaiçi də Yaxın Şərqdə baş verən proseslərə toxunub. O da İranın regional ölkələrə endirdiyi zərbələri pisləyib:

“Biz İslam Respublikasının həm hücumlarını, həm də Hörmüz boğazının bağlanmasını pisləyirik. Enerji bazarını sabitləşdirmək üçün təkliflər gətirmişəm”.

Konfrans zamanı həmçinin Tramp yaponiyalı rəsminin gördüyü işləri yüksək qiymətləndirib:

“Bu baş nazir Yaponiya tarixində ən uğurlu seçkilərdən birini keçirib və çox populyar, güclü bir insandır”, – deyə ABŞ Prezidenti əlavə edib.

Tramp Yaponiya ilə çox yaxşı münasibətlərinin olduğunu, iki ölkənin ticarət və digər sahələrdə əməkdaşlıq etdiyini və müzakirələr apardığını da vurğulayıb:

“Yaponiya ilə bütün sahələrdə böyük dəstəyimiz və münasibətlərimiz var. İnanıram ki, dünən və bir gün əvvəl bizə təqdim olunan hesabatlara əsasən, onlar NATO-dan fərqli olaraq həqiqətən də irəliləyiblər”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər