"Heç kim onların nə yeyib, neçə saat işlədiyi ilə maraqlanmır" - Aydın Xan Əbilovdan kuryerlərin vəziyyəti barəsində AÇIQLAMA
Xəbər verdiyimiz kimi, son aylarda Azərbaycanda bir çox məhsul və xidmətlərin qiymətlərində artım müşahidə olunduğu halda, “Wolt” şirkətinin kuryerlərinin xidmət haqları azaldılıb.
Patrulaz.az-a daxil olan şikayətlərə əsasən, bu vəziyyət kuryerlərin gündəlik tələbatlarını və sosial öhdəliklərini yerinə yetirməsini xeyli çətinləşdirib. Onlar yaranmış çətinliklərə çıxış yolu tapmaqda və konkret olaraq hara müraciət etməli olduqlarını müəyyənləşdirməkdə çətinlik çəkdiklərini bildirirlər. Motosiklet üçün benzin xərcləri, aylıq internet paketi, gündəlik ərzaq və dərman ehtiyacları kimi əsas tələbatlar hazırkı gəlirlə qarşılanmır.
Məsələ ilə bağlı Patrulaz.az-a açıqlama verən Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov “Wolt” platformasında mövcud olan vəziyyəti şərh edərək, bu sahədə rast gəlinən əsas problemləri diqqətə çatdırıb.
Onun sözlərinə görə, ümumi qiymət artımı əsasında bəzi xidmət sahələrində, xüsusilə daşınma sektorunda çalışan əməkdaşların əməyi istismar olunur. İşçilərin qarşılaşdıqları sosial və iqtisadi çətinliklər nəzərə alınmadan onların əməkhaqları azaldılır ki, bu da ciddi narazılığa səbəb olur:
“Son illər Azərbaycanda da, bütün dünyada olduğu kimi, müxtəlif xidmət sahələri formalaşmağa və sürətlə genişlənməyə başlayıb. Bu sahələrin inkişafı ölkə iqtisadiyyatına müsbət təsir göstərsə, yeni iş yerlərinin yaranmasına və xidmət səviyyəsinin yüksəlməsinə səbəb olsa da, digər tərəfdən bir sıra sosial və sağlamlıq problemlərini də gündəmə gətirib.
Xüsusilə taksi və evə çatdırılma kimi xidmətlər vətəndaşların həyatını asanlaşdırmaqla yanaşı, onları oturaq həyat tərzinə alışdırır və nəticədə cəmiyyətin sağlamlıq durumu ilə bağlı ciddi təhlükələr yaradır. “Wolt” və digər oxşar şirkətlər son illərdə geniş şəbəkə quraraq ölkənin bir çox bölgələrində fəaliyyətə başlayıblar. Artıq şəhərin demək olar ki, hər yerində yeniyetmə və gənclərin motosikletlə yemək və məhsul daşıdığına şahid olmaq mümkündür.
Lakin bu sahədə çalışan gənclərimizin üzləşdiyi sosial və iqtisadi problemlər çox vaxt kölgədə qalır. Qazancın böyük hissəsi beynəlxalq və ya korporativ strukturlara getsə də, çətin şəraitdə çalışan yerli gənclər gündəlik ehtiyaclarını belə qarşılamaqda çətinlik çəkirlər. Məsələnin daha da narahatedici tərəfi odur ki, bu gənclərlə heç bir dövlət qurumu ciddi şəkildə maraqlanmır”.
Yazıçı-kulturoloq qeyd edir ki, dövlət qurumları kuryer sektorunda çalışan gənclərin sosial problemlərini həll etməyə çalışmaq əvəzinə, onlara tətbiq olunan bəzi təzyiqləri artırırlar. Əbilovun fikrincə, bu vəziyyət davam edərsə, hazırda gəlir mənbəyi kimi görünən bu gənclər gələcəkdə dövlət üçün sosial yükə, yəni sağlamlıq imkanları məhdud şəxslərə çevrilə bilərlər:
“Dövlət qurumlarının fəaliyyəti əsasən vergi yığımı, lisenziya tələbləri və tibbi arayışlarla məhdudlaşır. Digər tərəfdən isə kiçik yol hərəkəti qayda pozuntularına görə yazılan cərimələr, müşahidə kameralarının daimi təzyiqi, sanki bu sektorda çalışan gənclərin üzərinə yönəlib. Halbuki onların istirahət rejimi, iş saatları, sosial təminatı və qidalanma şəraiti kimi fundamental məsələlər gözardı edilir. Əgər bu sahədə mövcud olan problemlər vaxtında həll olunmasa, yaxın gələcəkdə ölkəmiz sağlamlıq imkanları məhdud şəxslərdən ibarət geniş bir sosial yük altına düşə bilər. Bu gün cərimə və vergilərlə gəlir gətirən kuryerlər sabah həmin vəsaitin əvəzində dövlət büdcəsindən pensiya və müavinət alacaq “potensial əlil”lərə çevrilə bilərlər”.
Aydın Xan Əbilov “Wolt” kimi şirkətlərdə qonorarların azalmasını vaxtilə fəaliyyət göstərən “1 manatlıq taksi” xidməti ilə müqayisə edib. Onun sözlərinə görə, həmin xidmətlər ləğv olunduqdan sonra qiymətlər artsa da, keyfiyyət yüksəlmədi. Eyni vəziyyət kuryer xidmətlərində də təkrarlana bilər:
“Wolt” kimi şirkətlərin kuryerlərə ödənilən qonorar məbləğini azaltması da narazılıqları daha da artırır. Aydındır ki, şirkət yalnız qazanc əsasında fəaliyyətini davam etdirə bilər. Lakin burada əsas məsələ qazancın ədalətli bölüşdürülməsidir. Kuryerlərin əməkhaqlarının ciddi şəkildə azaldılması onların sosial təhlükəsizliyini birbaşa təhdid edir. Taksi xidmətlərindəki təcrübə də bunu göstərdi. Vaxtilə fəaliyyət göstərən “1 manatlıq taksilər” ləğv olundu və yerini daha baha xidmətlər tutdu. Qiymətlər artdı, amma xidmət keyfiyyəti yüksəlmədi, əksinə, çox hallarda aşağı düşdü. Eyni vəziyyət bu gün daşınma sahəsində də yaşana bilər”.
Prezident təqaüdçüsü “Wolt” xidmətində diqqətdən kənarda qalan əsas məsələlərdən birinin də gigiyena və sanitar normalar olduğunu vurğuladı:
“Digər narahatedici məsələ gigiyenik və sanitar qaydalardır. Kuryerlər eyni motosiklet qutularında həm sənaye məhsullarını, həm də qida məhsullarını daşıyırlar. Bu isə ciddi sağlamlıq riskidir. Həmçinin həmin gənclərin tibbi yoxlanışdan keçib-keçmədiyi, qida və istirahət şəraitləri ilə bağlı da suallar da ortadadır”
Əbilov kuryerlərin əmək haqlarının az olması probleminə xususi olaraq toxundu. Onun fikrincə, bu problemin aradan qaldırılması üçün iki əsas yol mövcuddur: Gənclərin daha perspektivli və sabit peşələrə yönləndirilməsi, eləcə də xidmət sahəsində çalışanlarla rəsmi əmək müqavilələrinin bağlanması və ədalətli maaş sisteminin tətbiqi:
“Maaşın az olması məsələsinə gəlincə, əgər əmək haqqı kifayət etmirsə, insanlar alternativ sahələrə yönəlməyə çalışmalıdırlar. Amma təəssüf ki, bu sahədə xüsusi peşə və bacarıq tələb olunmadığı üçün sürətlə populyarlaşır, motosiklet və avtomobil sürmək bacarığı olan hər kəs bu xidmətə qoşulur. Nəticədə isə gənclərimiz fiziki və psixoloji baxımdan tükənməyə başlayır.
Dövlət orqanlarının bu sahədə nəzarəti gücləndirməsi vacibdir. Xidmət sahəsində çalışan şəxslərlə rəsmi əmək müqavilələrinin bağlanması, ədalətli əməkhaqqı verilməsi və onların sosial müdafiəsinin təmin olunması aktual məsələlərdəndir. Əgər saatlıq əmək haqqı tətbiq ediləcəksə, bu halda minimum əməkhaqqı ilə uyğunluq da qanunla tənzimlənməlidir. Unutmamalıyıq ki, bu gənclər bizim zəhmətkeş vətəndaşlarımızdır. Biz evdə rahat istirahət etdiyimiz vaxtda onlar yayda, qışda, yağışda və qarda şəhərin küçələrində xidmət göstərirlər. Onların səsi eşidilməzsə, bu sahə də digər xidmət sahələri kimi böhranla üzləşə bilər”.
Aydın Xan Əbilov son olaraq qeyd edir ki, məsələ ictimai müzakirəyə çıxarılmalı, aidiyyəti qurumlar bu prosesə müdaxilə etməli və kuryerlərin sosial təminatı, əmək şəraiti ilə bağlı konkret addımlar atılmalıdır.
“Məlumatlara görə, əvvəllər “Wolt” və digər bu tip şirkətlər beynəlxalq qurumlara məxsus idi. Lakin son zamanlar bəzi yerli şirkətlərin və ya şəxslərin bu qurumları satın almasından sonra qiymətlərdə artım və xidmət səviyyəsində enmə müşahidə olunmağa başlayıb. Bu da ictimai narazılığı artırır.
Bu səbəbdən aidiyyəti qurumlar, mütəxəssislər və ictimaiyyət arasında geniş müzakirələr aparılmalı, bu sahədə çalışan insanların fikirləri dinlənilməlidir. Çünki onlar da ölkənin vətəndaşları, vergi ödəyiciləridir. Onların rifahı birbaşa dövlətin sosial sabitliyi ilə bağlıdır.
Fikrimcə, “Wolt” və digər xidmət sektorunda çalışan əməkdaşlar Əmək Müfəttişliyi və məhkəmə orqanlarına kollektiv müraciət edərək hüquqlarını müdafiə edə bilərlər. Qanunvericilik bu imkanı tanıyır və bu cür təşəbbüslər hüquqi müstəvidə həll olunmalıdır”.
Gülbəniz Səfərova