""Hədiyyə qazandınız" mesajı gəlirsə, bilin ki, tələdir" - Mütəxəssisdən XƏBƏRDARLIQ
Bayram günləri insanların alış-verişə və onlayn ödənişlərə daha çox üstünlük verdiyi dövrdür. Bu fürsətdən istifadə edən kiberdələduzlar isə “bayram endirimi”, “hədiyyə qazandınız”, “kartınız bloklanıb” kimi aldadıcı mesajlar və saxta keçidlər vasitəsilə vətəndaşların kart məlumatlarını ələ keçirməyə çalışırlar. Nəticədə bir çox insan maddi zərərə məruz qalır və şəxsi məlumatların təhlükəsizliyi ciddi risk altına düşür.
Bəs bayram günlərində kiberdələduzluq hallarının artmasının əsas səbəbi nədir və insanlar bu cür fırıldaqlardan qorunmaq üçün hansı konkret addımları atmalıdırlar?
Bu barədə kibertəhlükəsizlik üzrə mütəxəssis Elnur Atayev Patrul.az -a açıqlamasında bildirib ki, bayram günlərində saxta endirim və hədiyyə adı ilə göndərilən şübhəli SMS və linklərə aldanmamaq, kart məlumatlarını paylaşmamaq və məlumatları yalnız rəsmi bank kanallarından yoxlamaq vacibdir:
“Bayram günlərində kiberdələduzluq halları xüsusilə artır. Dələduzlar endirim, hədiyyə, kompensasiya və ya bağlama xəbəri adı altında saxta SMS və mesajlar göndərərək insanları tələsdirməyə və kart məlumatlarını ələ keçirməyə çalışırlar. Bu mesajlarda adətən şübhəli keçidlər olur və vətəndaşlardan kart nömrəsi, CVV kodu və ya OTP təsdiq kodu tələb edilir.
İnsanlar bilməlidir ki, banklar və rəsmi qurumlar heç vaxt SMS və ya messencer vasitəsilə kart məlumatları istəmir. Tanımadığınız nömrələrdən gələn linklərə daxil olmaq, xüsusilə “son şans”, “hesabınız bloklanacaq” kimi qorxuducu mətnlər olduqda, ciddi risk yaradır. Hər hansı kampaniya və ya ödənişlə bağlı məlumatı yalnız rəsmi tətbiq və ya bankın rəsmi əlaqə kanalları vasitəsilə yoxlamaq lazımdır”.

Ekspertin sözlərinə görə, kart təhlükəsizliyini qorumaq üçün SMS bildirişlərini aktivləşdirmək və şübhəli hallarda dərhal bankla əlaqə saxlamaq lazımdır:
“Tövsiyə olunur ki, kartlar üçün SMS bildirişlər aktiv edilsin, onlayn ödəniş limitləri minimumda saxlanılsın və iki mərhələli təsdiq istifadə edilsin. Şübhəli hal olduqda dərhal bankla əlaqə saxlanmalı və kart bloklanmalıdır. Unutmayaq ki, kibertəhlükəsizlik texniki məsələ olmaqla yanaşı, həm də şəxsi diqqət və məsuliyyət tələb edir”.
Cəmilə Cəfərzadə






