"Həmişə güclü olmaq istəyi sinir sistemini sıradan çıxarır" - Psixoloqdan AÇIQLAMA
Son dövrlərdə insanların emosional vəziyyətinə dair mövzular geniş müzakirə olunur. Xüsusilə “Həmişə güclü olmalıyam” düşüncəsi gündəmə gəlir. Bu düşüncə, fərdlərin özünü daim idarə etməsi və çətinliklər qarşısında zəif görünməməsi gərəkliliyini vurğulayır.
Bəs bu düşüncə psixoloji sağlamlığa necə təsir edir?
Bu barədə klinik psixoloq Aysel Həsənova Patrul.az-a açıqlamasında bildirib ki,“Mən həmişə güclü olmalıyam” düşüncəsi, uşaqlıq təcrübələri və sosial gözləntilərlə formalaşıb uzun müddətdə mənfi psixoloji təsirlərə səbəb ola bilər:
“Mən həmişə güclü olmalıyam” düşüncəsi zahirən motivasiyaedici və xoş görünsə də, uzunmüddətli davam etdikdə xoş olmayan, mənfi psixoloji təsirlərə səbəb ola bilir. Adətən bu düşüncənin başlanğıcı uşaqlıq dövrünə, uşaqlıq təcrübələrinə gedib çıxır. Ailənin və ya sosial mühitin verdiyi mesajlar, qoyulan gözləntilər, istəklər və tələbkarlıq bu düşüncənin formalaşmasında mühüm rol oynaya bilər. Bəzən isə hər hansı travmatik, xoş olmayan bir hadisədən sonra fərd belə bir qərara gələ və bu seçimi həyat boyu davam etdirə bilər”.

A. Həsənova bu düşüncənin emosiyaları basdırmağa, psixosomatik problemlərə və emosional durğunluğa səbəb ola biləcəyini vurğulayıb:
“Ümumiyyətlə, “mən güclü qadınam”, “mən çox güclü insanam” deyən insanların heç də hamısının xoşbəxt olmadığını və əslində onların bu qədər güclü olmaq istəmədiklərini şəxsi təcrübəmdə müşahidə etmişəm. Güclü olmaq çox vaxt insanın düşüncə səviyyəsində etdiyi bir seçimdir.Təbii ki, bu düşüncə insanın həyatında mənfi iz qoymadan keçə bilməz. Çünki insan canlı varqlıqdır və dəyişkən dinamikaya malikdir.Həmişə güclü olmaq kimi bir anlayış da yoxdur. Buna baxmayaraq, belə insanlar mövcuddur. Xüsusilə mükəmməlliyyətçiliyə meyilli olan şəxslərdə bu hal daha qabarıq şəkildə özünü göstərir, çünki onlar hər şeyi mükəmməl etməyə çalışırlar.Bu seçimlə yaşayan insanlar adətən emosiyalarını və hisslərini basdırmağa meyilli olurlar. Ağrı, kədər və qorxu kimi emosiyaları zəiflik hesab edir və bunları yaşamağa özlərinə icazə vermirlər. Bu isə zamanla insanda emosional durğunluq yaradır, ani partlayışlara və qəzəbə səbəb ola bilir. Həmçinin psixosomatik simptomlar şəklində də özünü göstərə bilər: baş ağrıları, mədə problemləri və s. Nəticədə bu hallar ortaya çıxsa da, insanlar bunun səbəbinin məhz “güclü olmaq” düşüncəsi ilə əlaqəli olduğunu dərk etməyə də bilərlər.”
Psixoloqun sözlərinə görə, daimi olaraq güclü olmağa çalışmaq sinir sistemini gərgin saxlayaraq təşviş, yuxu pozuntuları və depressiya kimi problemlərə səbəb ola bilər:
“Ümumiyyətlə insan nə zaman güclü olmağı seçir və güclü olmaq istəyir? Adətən bu, təhlükə anlarında baş verir. Təhlükəli bir vəziyyətdə insan həyatda qalmaq üçün güclü olmağa çalışır və bu zaman simpatik sinir sistemi aktivləşir. Simpatik sinir sistemi insanın yaşamaq uğrunda mübarizəsində ‘vur, qaç və ya don’ mexanizmini işə salır. Bu proses onurğa beyni ilə əlaqəlidir və həmin anda korteks, yəni koqnitiv proseslər zəifləyir. Əgər insan davamlı olaraq güclü olmağa çalışırsa, simpatik sinir sistemi daimi aktiv vəziyyətdə qalır, parasimpatik sinir sistemi isə işə düşə bilmir. Nəticədə insan daxilən daimi təşviş və gərginlik hissi ilə yaşayır. Təşviş hissi sinir sistemini daima aktiv saxladığı üçün, zamanla insanda müxtəlif sinir sistemi problemləri yarana bilər. Bu, təşviş pozuntuları, yuxu pozuntuları və ya tükənmişlik sindromu şəklində özünü göstərə bilər ki, bunlar ən çox rast gəlinən hallar arasındadır. Həmçinin müəyyən mərhələlərdə bu vəziyyət depressiyaya da gətirib çıxara bilər.”
A. Həsənova həmçinin onu da qeyd edib ki, həmişə güclü qalmaq istəyən insanlar kömək istəməkdən çəkinir, emosiyalarını basdırır və nəticədə tənhalığa meyillənirlər:
“Özlərini güclü hesab edən insanlar kimdənsə yardım almağı və kömək istəməyi sevmirlər, çünki onlara elə gəlir ki, güclü insan kömək istəməz. Beləliklə, onlar özlərinə qarşı çox tələbkar olurlar və bəzən sərt davranırlar. Bu tələbkarlıq və sərtlik zamanla onları təkliyə sövq edə bilər. Halbuki psixoloji sağlamlıq üçün münasibətlər və paylaşım çox önəmlidir; insan sosial varlıqdır və mütləq başqalarına ehtiyacı var.Münasibətlərdə məsafə yaratdıqca insan duyğularını paylaşmır, paylaşmadığı üçün isə başqaları onu anlaya bilmir və nəticədə tənhalığa meyillənir.
Unutmayın, həmişə güclü qalmaq məcburiyyəti insanı sındırmaz, amma onun hisslərini dondurar və hissizləşdirər”.
Cəmilə Cəfərzadə






