Hər bir dərdin dərmanı sayılan çay əslində hansı dərdlərə səbəb olur?
Qara çay Azərbaycan süfrələrinin ayrılmaz hissəsidir. Söhbətlərin, qonaqlıqların və gündəlik həyatın simvoluna çevrilmiş bu içki, faydaları ilə yanaşı, müəyyən zərərlərə də malikdir.
Patrulaz.az milli mahnımızda haqqında “hər bir dərdin dərmanı” deyə ifadə olunan qara çayın əslində hansı dərdlərə səbəb olduğu barədə yazır:
Əvvəla, qara çayın tərkibində kofein var. Kofeini çox qəbul etdikdə ürək döyüntüləri sürətlənə, əsəbilik, yuxusuzluq və baş ağrısı yarana bilər. Xüsusilə gündə 5–6 stəkandan çox çay içmək bədəndə kofein yüklənməsinə səbəb olur.
Bundan əlavə, qara çay dəmirin sorulmasını azaldır. Bu, xüsusilə qanazlığı (anemiya) olan insanlar üçün problem yarada bilər. Yeməklə birlikdə çoxlu çay içmək qidaların bəzi faydalı elementlərinin bədənə tam mənimsənilməsinə mane olur.
Həddindən artıq qaynar çay içmək isə ağız, boğaz və mədə-bağırsaq yollarında selikli qişanı qıcıqlandırır. Araşdırmalar göstərir ki, davamlı olaraq çox isti çay içmək bəzi xərçəng növlərinin riskini artıra bilər.
Bütün bunlara baxmayaraq, qara çay tamamilə zərərli deyil. Əsas məsələ miqdarı düzgün seçmək və çox isti halda deyil, normal temperaturda içməkdir. Çay həyatımıza rəng qatsa da, sağlamlıq üçün həddi aşmamaq vacibdir.
Ləman Sərraf






