Hər gün duş alanların nəzərinə - Sağlamlığınız risk altında ola bilər
Son illər gigiyenaya diqqətin artması ilə hər gün duş almaq bir çox insan üçün vərdişə çevrilib. Xüsusilə şəhər mühitində yaşayanlar bunu sağlam həyat tərzinin bir hissəsi hesab edir.
Patrul.az-ın araşdırmalarına görə, duşun tezliyi saç və dəri sağlamlığı baxımından birmənalı qarşılanmır. Mütəxəssislər xəbərdarlıq edir ki, düzgün olmayan duş vərdişləri uzunmüddətli problemlərə yol aça bilər.
Aparılan müşahidə və araşdırmalara əsasən, hər gün duş almağın mümkün zərərləri aşağıdakılardır:
Dərinin quruması
Tez-tez duş almaq dərinin təbii qoruyucu yağ qatını yuyub aparır. Bu isə quruluq, qabıqlanma və qaşınmaya səbəb ola bilər.
Saçın zəifləməsi
Hər gün yuyulan saçlar öz təbii yağ balansını itirir, nəticədə saç telləri daha tez qırılır və mat görünür.
Dəri baryerinin zədələnməsi
Xüsusilə isti su ilə tez-tez duş almaq dərinin qoruyucu funksiyasını zəiflədir, bu da allergiya və ekzema riskini artırır.
Mikrofloranın pozulması
Dəridəki faydalı bakteriyalar da tez-tez yuyulma nəticəsində azalır və bu, infeksiyalara qarşı müqaviməti zəiflədir.
Araşdırmalarda qeyd olunur ki, hər gün duş almaq əsasən ağır fiziki iş görənlər, idmançılar və ya yüksək temperatur şəraitində çalışanlar üçün zəruridir.Digər hallarda isə bu vərdiş zərərli ola bilər.
Dermatoloq-mütəxəssislərin fikrincə, duşun tezliyi fərdin dəri tipi, saç quruluşu və həyat tərzi ilə uyğunlaşdırılmalıdır. Normal və quru dəri tipinə malik şəxslər üçün hər gün duş almaq tövsiyə edilmir. Bu, dərinin təbii yağ balansını pozur və erkən dəri problemlərinə səbəb ola bilər. Saçlar isə həftədə 2–3 dəfə yuyulduqda daha sağlam qalır.
Mütəxəssislər həmçinin bildirir ki, isti su əvəzinə ilıq su seçilməli; sərt kimyəvi tərkibli şampun və sabunlardan uzaq durulmalı; duşdan sonra nəmləndirici vasitələrdən istifadə edilməlidir.
Cəmilə Cəfərzadə






