Hər gün qulaqcıq taxırsansa, bu riskləri BİLMƏLİSƏN!
İctimai nəqliyyatda, işdə, yolda və ya evdə bu gün bir çox insan üçün qulaqcıqla musiqi dinləmək sadəcə bir zövq deyil, həyat tərzinə çevrilib. Amma bu vərdişin görünməyən tərəfləri də var.
Patrulaz.az-ın məlumatına görə, gündəlik olaraq qulaqcıqla, xüsusən yüksək səsdə musiqiyə qulaq asmaq həm qulaq sağlamlığına, həm də beyinə mənfi təsir göstərə bilər. Əvvəla, yüksək səs qulaqda yerləşən incə tükcükləri, yəni eşitmə hüceyrələrini zədələyə bilər. Bu zədələr bir neçə il sonra daimi eşitmə itkisiylə nəticələnə bilər. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, qulaqcıq istifadəçiləri 85 desibeldən yüksək səsdə 1 saatdan çox musiqi dinlədikdə qulaqda xroniki zərər riski artır.
Bəs beyinə necə təsir edir?
Mütəmadi olaraq səs stimulu beyni “istirahət rejiminə” keçməkdən saxlayır. Bu da diqqət dağınıqlığına, yuxu keyfiyyətinin pozulmasına və zamanla emosional gərginlik hissinə səbəb ola bilər. Beyin daim işlək vəziyyətdə qalır və bu, xüsusilə yeniyetmələrdə və gənclərdə emosional tükənmə riskini artırır.
Daha bir təhlükə isə qulaqcıqların infeksiyalara səbəb olmasıdır. Qulaqcıqları tez-tez təmizləməmək, mikrobların qulaqda toplanmasına yol açır və nəticədə iltihab, qaşıntı və infeksiya kimi hallar baş verə bilir.
Nəticə olaraq, qulaqcıqla musiqi dinləmək zövqlü ola bilər, amma onu hər gün, uzun müddət və yüksək səsdə dinləmək qulaq və beyin sağlamlığımız üçün təhlükə yaradır. Arada fasilə vermək, səs səviyyəsini azaltmaq və qulaqcıqları gigiyenik saxlamaq bu vərdişi daha sağlam hala gətirə bilər.
Ləman Sərraf






