media-inshot_20251030_214707470

Hörümçək torlarının üzərindəki sirli “ziqzaq” naxışların təkcə bəzək üçün olmadığı məlum olub.

Patrulaz.az “PLOS One” elmi jurnalında dərc olunan məlumata əsasən xəbər verir ki, İtaliyanın Pavia Universitetindən biomühəndis Qabriele Greco və həmkarlarının apardığı araşdırmada hörümçək torlarının üzərindəki naxışların elm aləmində “stabilimentum” adlandırıldığı strukturlar olduğu bildirilib.

Tədqiqat zamanı alimlər Argiope bruennichi növü hörümçəklərin torlarını incələyərək altı fərqli stabilimentum forması müəyyən ediblər. Daha sonra kompüter simulyasiyaları vasitəsilə vibrasiyaların tor boyunca necə yayıldığı öyrənilib.

Nəticələr göstərib ki, xüsusilə “platforma” formalı sıx naxışlar yanal vibrasiyaları torun digər hissələrinə daha yaxşı ötürür. Bu isə hörümçəyin ovunu daha tez hiss etməsinə imkan yaradır.

Alimlər bildirir ki, hörümçəklər torlarını təkcə qorunmaq və gizlənmək üçün deyil, eyni zamanda ovlarını daha yaxşı hiss etmək üçün də xüsusi şəkildə qururlar.

“Bu, yalnız başlanğıcdır. İndi bu təsirləri təbiətdə birbaşa müşahidə etməyi planlaşdırırıq”, – deyə Qabriele Greco bildirib.


Bənzər xəbərlər