İbrahim Tatlısəs yaxın dostu tərəfindən təhdidə məruz qalıb
Məşhur türkü ifaçısı İbrahim Tatlısəs ilə illərdir “kirvəm” deyə xitab etdiyi yaxın dostu Metin Cantimur arasındakı dostluğun yerini sərt ittihamlara və hüquqi proses alıb.
Patrulaz.az türk mətbuatına istinadən xəbər verir ki, sosial mediada başlayan qarşılıqlı açıqlamalar, təhdid xarakterli mesajlar və prokurorluğa edilən şikayətlə yeni bir mərhələyə keçib.
Qalmaqalın fitilini İbrahim Tatlısəsin sosial şəbəkədə etdiyi imalı bir paylaşım alovlandırıb. Sənətçi, “Bəslədiyim itlər sümüklərini kəsəndə hürməyə başladılar” sözlərini yazaraq paylaşım etsə də, heç bir ad çəkməyib. Qısa müddət ərzində bu sözlərin 40 illik dostu Metin Cantimura yönəldiyi ortaya çıxıb.
Metin Cantimur isə cavab olaraq sosial media hesabından, “Öz nüfuzsuzluğunu başqalarına atdığı böhtanlarla ört-basdır etməyə çalışan dosta salam olsun,” deyə paylaşım edib. Bununla kifayətlənməyən Cantimur, bir maqazin proqramına bağlanaraq İbrahim Tatlısəs haqqında bir sıra iddialar irəli sürüb. Canlı yayımda Tatlısəsin keçmiş baxıcısı Tuğçe ilə imam nikahı kəsdirdiyini, Reza Zərrabla əlaqələri olduğunu və Almaniyadakı bəzi sirlərini açıqlaya biləcəyini söyləyib. O, “Bodrumdakı nikah şahidlərinin adlarını belə deyə bilərəm. Hər kəslə imam nikahı kəsdirib”, sözləri ilə diqqət çəkib.
Yaşanan qalmaqaldan sonra yeni bir hadisə də baş verib. Metin Cantimurun oğlu Turqay Cantimur, İbrahim Tatlısəsə birbaşa çata bilmədiyindən, onun mühafizəçisi Mevlüt A.-ya mesaj göndərib. İddialara görə, mesajda belə deyilib: “Ankaraya gələndə sənə böyük bir sürprizim olacaq. İbrahim əmiyə de, görək Tatlısəs böyükdür, yoxsa Cantimur? Türkiyə bunu görəcək. Bu mesajı yanındakı o şikəstə oxut”.
Təhdid xarakterli mesajlardan sonra İbrahim Tatlısəs prokurorluğa müraciət edərək Metin Cantimur və oğlundan şikayətçi olub. Məşhur sənətçinin, keçmiş dostunun son dövrlərdəki davranışlarının dəyişdiyini, təhqir və təhdidlərə məruz qaldığını ifadə etdiyi bildirilir.
Ləman Sərraf