media-photo-output

Şəhərin mərkəzində mütəmadi olaraq fotoqraflara rast gəlinir ki, onlar insanların xəbəri olmadan fotolarını çəkirlər. Bir çoxları şəkillərini çəkdiyi şəxslərə yaxınlaşıb onların icazəsini alsa da, əksəriyyəti buna əməl etmir. Bu vəziyyət bəzilərinin xoşuna gəlsə də, insanların bir çoxunun qəzəbinə səbəb olur.

Çünki ailəsi, dostları və yaxınları ilə istirahət etmək üçün şəhərin mərkəzinə yollanan vətəndaşların şəxsi həyat toxunulmazlığına zərər dəymiş olur.

Maraqlıdır, kiminsə icazəsiz foto və ya videosunu çəkmək məsuliyyət yaradırmı?

Mövzu ilə bağlı Patrul.az-a danışan hüquqşünas Rəhim Xoyski bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən şəxsin icazəsi olmadan onun foto və ya videosunun çəkilməsi, habelə yayılması şəxsi toxunulmazlıq hüququnun pozulması hesab olunur və hüquqi məsuliyyət yaradır:

“Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş hallar istisna olmaqla, hər kəs onun xəbəri olmadan və ya etirazına baxmayaraq izlənilə, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qala bilməz.

Şəxsi həyatın toxunulmazlığını kobud şəkildə pozan hərəkətlər cinayət məsuliyyəti yarada bilər. Cinayət Məcəlləsinə əsasən, şəxsi həyat haqqında məlumatların onun razılığı olmadan toplanılması, yayılması və ya bu məlumatların olduğu sənədlərin, video və foto materialların paylaşılmasına görə şəxslər min manatdan iki min manatadək cərimə oluna, yaxud iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlərə və ya bir ilədək müddətə islah işlərinə cəlb edilə bilərlər. Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə, həmçinin pilotsuz uçuş aparatlarından istifadə edilməklə törədildikdə isə həmin şəxslər üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilərlər”.

Həmsöhbətimiz əlavə edib ki, praktikada küçədə fotoqrafların insanların şəkillərini gizli çəkib daha sonra pul qarşılığında təklif etməsi həm Konstitusiya, həm də Mülki Məcəllə (şəxsi təsvir hüququ) baxımından qanunsuzdur:

“Əgər şəxs etiraz edirsə, foto dərhal silinməlidir. Şəkli çəkilən şəxs həmin fotoqrafdan görüntünün silinməsini tələb edə bilər. Bu görüntülər şəxsin razılığı olmadan internetdə və ya sosial şəbəkələrdə paylaşıldıqda, zərərçəkmiş şəxs həm hüquq-mühafizə orqanlarına, həm də məhkəməyə müraciət edərək mənəvi zərərin ödənilməsini və görüntünün silinməsini tələb etmək hüququna malikdir”.

Ləman Sərraf


Bənzər xəbərlər